Xudat-Nabran yolu əsaslı təmir edilir - FOTO
Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkə əhəmiyyətli yollarla yanaşı, yeni kənd yollarının inşası, mövcudlarının isə müasir səviyyəyə çatdırılması sahəsində mühüm layihələrin icrası uğurla davam edir. Onlardan biri də 25 km uzunluğa malik Xudat-Nabran avtomobil yoludur.
Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 49-74-cü km-lik hissəsini təşkil edəm Xudat-Nabran yolunun bərpası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək sürətlə və keyfiyyətlə aparılır.
Rakus.az xəbər verir ki, agentlikdən bildirilib ki, 1977-ci ildə inşa olunan Gəndob-Xaçmaz-Yalama avtomobil yolu uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi və əsaslı şəkildə təmirinə ehtiyac yaranmışdı.
Gəndob-Xaçmaz-Yalama-Rusiya federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xudat-Nabran hissəsi III texniki dərəcəyə uyğun bərpa olunur.
Bərpa işləri yol boyu yerləşən 15 yaşayış məntəqəsinin əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmasından başqa, yoldan istifadə edən xarici qonaqların və turistlərin də rahat şəkildə mənzil başına çatmasına imkan yaratmaqla yük və sərnişin daşımasının asanlaşmasına gətirib çıxaracaq.
Tərtib olunmuş qrafikə uyğun işlərin qısa müddət ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin may ayının 4-də Xaçmaza səfəri çərçivəsində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 24-48 kilometrlik hissəsini təşkil edən Xaçmaz-Xudat avtomobil yolunun açılışını edib.