YAP yardım aksiyasına start verdi - FOTO
Məlum olduğu kimi, aprelin 14-də Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən aztəminatlı ailələrə ərzaq yardımı aksiyasına start verilib. Aksiya çərçivəsində əvvəlcə aprelin 14-17-də Bakı, Sumqayıt, Gəncədə və Abşeron rayonunda qayğıya və sosial müdafiəyə ehtiyacı olan aztəminatlı ailələrə ərzaq yardımı göstərilib.
Rakus.az xəbər verir ki, YAP-dan v erilən məlumata görə, aprelin 20-dən isə aksiyanın respublikanın digər şəhər və rayonlarında davam etdirilməsinə başlanılıb. Aksiya bu həftənin sonunadək davam edəcək. Həmin ailələrə zəruri ərzaq yardımları YAP-ın könüllüləri tərəfindən çatdırılacaq.
Qeyd edək ki, dünyada qlobal problemə çevrilmiş koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sistemli tədbirlər həyata keçirilir.
Ölkəmizin aparıcı siyasi qüvvəsi olan YAP da koronovirusa qarşı mübarizə çərçivəsində görülən işlərə fəal qoşulub. Partiyanın bütün strukturları əhalinin həssas təbəqəsinə aid olan ailələrə müntəzəm olaraq hər cür yardım və dəstək göstərirlər.
Eyni zamanda, YAP “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ümumilikdə təxminən 500 min manat ianə edib, “Sağlamlığımız milli həmrəyliyimizdədir!” aksiyası həyata keçirib.
Hazırda isə partiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə martın 27-dən yaşı 65-dən yuxarı olan tənhalara, ahıl vətəndaşlara yardım paylayır, onlara sosial xidmətlər göstərir.