Uzun zamandır Yaponiyanın ədalətsiz şəkildə ABŞ-dan faydalandığından şikayət edən Tramp Abe ilə birgə mətbuat konfransı zamanı deyib ki, yeni razılıq “ədalət və qarşılıqlıq” prinsiplərinə əsaslanacaq: “Bizim məqsədimiz Yaponiya ilə ticarət defisitini azaltmaq, ticarət əngəllərini və bütün digər əngəlləri aradan qaldırmaqdır”.
Hər iki lider Tramp Birləşmiş Ştatları Tokionun Trampın sələfi Barak Obamanın hakimiyyəti altında Vaşinqtonla əldə etdiyi 12 ölkənin imzaladığı hərtərəfli Trans-Sakit Okean Əməkdaşlığından (TPP) geri çəkəndən sonra ikitərəfli ticarət razılığının əldə olunmasını istədiklərini ifadə edib.
“Trans-Sakit Okean Əməkdaşlığı bizim avtomobil sektorumuz və bir çox istehsalçımızı məhv edəcəkdi. Biz TPP-yə üzv deyilik ona görə də başqa ölkələrin əldə etdiyi razılıqlar Birləşmiş Ştatlara şamil olunmur”, – ABŞ Prezidenti Donald Tramp bildirib.
Abe Birləşmiş Ştatlarla xüsusilə enerji, digital və infrastruktur sektorlarındakı ticarət danışıqlarında əldə olunan davamlı irəliləyişi alqışlayıb. O həmçinin Yaponiya avtomobil istehsalçılarının ABŞ iqtisadiyyatındakı mühüm rolunu da qeyd edib.
“Prezident Tramp vəzifəyə gələndən bəri Yaponiya şirkətləri Birləşmiş Ştatlara 24 milyard dollar dəyərində yeni sərmaye qoymağa qərar verib və beləliklə 45 min yeni iş yerinin açılmasına gətirib çıxarıb”, – Yaponiyanın Baş Nazir Şinzo Abe bildirib.
Amerikanın Səsinin sualına cavab olaraq Tramp söyləyib ki, o, Abenin ABŞ-la İran arasında vasitəçi olmasına müsbət yanaşır.
“Mən bilirəm ki, baş nazirin və Yaponiyanın İranla yaxşı münasibətləri var. Ona görə də, nə olacağını görəcəyik. Baş nazir mənimlə artıq danışıb və mən inanıram ki, İran danışmaq istəyir və əgər onlar danışmaq istəyirsə, biz də istəyərik”, – Donald Tramp bildirib.
Son həftələrdə Tramp İranın ən böyük neft alıcılarını yeni ABŞ sanksiyalarından azad edən istisnaları aradan qaldırandan və Trampın dediyinə görə, İrandan gələn təhlükələrə cavab olaraq İran körfəzində ABŞ-ın hərbi mövcudluğunu artırandan sonra ABŞ-la İran arasında gərginlik artıb.