Yeni kikboksinq zalı istifadəyə verildi - FOTO - VİDEO
Bu gün Yasamal rayonunda yeni kikboksinq zalının açılış mərasimi keçirilib. Tədbirdə millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, Yasamal Rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov və federasiyanın nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən Adil Əliyev “Fighter 2” zalının açılışının Yeni Yasamal ərazisində yaşayan yeniyetmə və gənclərin idmana cəlb olunmasında böyük rol oynayacağını qeyd edib. “Bu gün Yeni Yasamal ərazisində yeni kikboksinq zalının açılış mərasiminə toplaşmışıq. Biz çox sevinirik ki, Kikboksinq ailəsi böyüyür, idmançılarımızın sayı artır. Belə bir zalın tikilərək yeniyetmə və gənclərin istifadəsinə verilməsi Azərbaycan gənclərinin sağlam ruhda böyüməsinə və ölkəmizdə idmanın kütləviləşməsinə xidmət edir. Qeyd edim ki, 150-dən çox klubumuz qeydiyatdan keçib. Paytaxtda və bölgələrdə 150-dən çox kikboksinq zalımız fəaliyyət göstərir. Çalışırıq ki, təkcə şəhər mərkəzlərində deyil, hər bir məhəllədə yeni zal istifadəyə verərək gəncləri sağlam həyata dəvət edək. Əsas məqsədimiz odur ki, yeniyetmə və gənclərimiz internet klublara və çayxanalara deyil, idman zallarına gəlsinlər. Fərqi yoxdur hansı idman növü olur olsun, əsas odur ki, uşaq öz asudə vaxtını idman zalında keçirsin, enerjisini idmana sərf etsin. Belə olan halda uşaq sağlam böyüyəcək, Vətəninə layiqli vətəndaş kimi yetişəcək. Buna görə də “Fighter 2” klubunun prezidentinə və direktoruna təşəkkürürmü bildirirəm. İnanıram ki, belə zallarda gələcəyin dünya çempionları çıxacaq”, deyə Adil Əliyev bildirib.
Yasamal Rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov isə ölkəmizdə idmanın inkişafından danışaraq belə zalların idmanın kütləviliyi üçün vacib olduğunu diqqətə çatdırıb. O, digər idman növlərində olduğu kimi, Yasamal rayonunu təmsil edən kikboksinqçilərin də uğurlu nəticələr əldə etdiklərini dilə gətirib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
Xatırladaqki, 2 mərtəbəli zaldan ibarət olan “Fighter 2” klubunun ümumi sahəsi 200 kvadratmetrdir. Klubda soyunub-geyinmə otağı, trenajor zalı, rinq, idman döşəkləri mövcuddur.