“Yeni parlament cəmiyyətin etimadını doğruldacaq” – Əflatun Amaşov
“Seçki hər bir xalqın həyatında son dərəcə mühüm taleyüklü məsələdir. Seçki xalqın özünütəsdiqidir. 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin də bu baxımdan əlamətdar hadisəyə çevriləcəyinə əminəm. Bu əminlik üçün 1918-ci il müstəqilliyimizlə başlanmış parlamentarizm tariximiz, 1991-ci ildən sonrakı yolumuz var”.
Rakus.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Facebook” səhifəsində yazıb.
“Hesab edirəm ki, Azərbaycan Respublikasının Milli Məclisi müasir dövr müstəqillik illərindəki fəaliyyəti ilə həm tarixi parlamentarizm ənənələrimizə sadiqliyini qoruyub, həm ölkəmizin mühüm ictimai-siyasi institutu, həm də qanunvericilik orqanı kimi özünü təsdiqləməyi bacarıb. Milli Məclisin təmsil olunduğum V çağırış tərkibinin də ənənələrə sadiqlik ruhuna kökləndiyini gördüm. Bununla qürur duydum.
Zaman dəyişir, tələblər də həmçinin. Milli Məclisin islahatçılıq ideyasına adekvat münasibəti mütləqdir. Əminəm ki, 2020-ci ilin 9 fevral seçkisindən sonra formalaşacaq parlamentimiz cəmiyyətimizin etimadını doğruldaraq müstəqil Azərbaycan Respublikasının inkişafına yeni-yeni töhfələr verəcək”, – Ə.Amaşov bildirib.