Yol tikintisinə 700-ə yaxın işçi götürüləcək
Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə dəstək məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolu, həmçinin Samur-Şirvanovka-Xanoba avtomobil yolunun tikintisi işlərində çalışmaq üçün 700 nəfərə yaxın yerli əhalinin fəhlə ştatı üzrə işə qəbuluna başlayır.
Rakus.az xəbər verir ki, AAYDA-dan verilən məlumata görə, həmin avtomobil yollarında həyata keçirilən yenidənqurma və tikinti işlərinə yalnız yolların keçdiyi ərazilər üzrə – Siyəzən, Şabran, Xaçmaz və Qusar rayon Məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyatda olan vətəndaşlar cəlb olunacaqlar.
Vətəndaşlar Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun Zarat (Siyəzən) – Gəndob (Şabran) hissəsində, həmçinin Samur-Şirvanovka-Xanoba avtomobil yolunun tikintisinin aparıldığı ərazilərdə olan AAYDA-nin Məhdud Məsuliyyətli Cəmiyyətlərinin və subpodratçı təşkilatların nümayəndələrinə müraciət edə bilərlər.
Xatırladaq ki, işsiz vətəndaşlar daimi deyil, yalnız sözügedən yolların tikintisi dövrü üçün müqavilə əsasında yol tikintisi işlərinə cəlb ediləcəklər.