Yolumuz Qərbi Azərbaycanadır – SÜJET
Azərbaycanın Qarabağ isqisadi zonasında “Dəmirli” mis-molibden və “Qızılbulaq” qızıl yataqlarının erməni separatçıları tərəfindən talan edilməsinə qarşı 2022-ci ilin dekabrında başlayan etiraz aksiyası davam edir. Yataqların Qarabağdakı erməni cinayətkar rejimi tərəfindən qeyri-qanuni istismarına “yox” deyən azərbaycanlı ekoloji fəallar, könüllülər, qeyri-hökümət təşkilatlarının nümayəndələri əslində, bununla bütün dünyada qəbul edilmiş ən təməl haqlarını müdafiə edirlər. Hərçənd, bu qədər açıq və sadə həqiqəti belə, müxtəlif maraqlar xatirinə gözrlərini və qulaqlarını qapamış, erməni vandalizminə havadarlıq edən bəzi mərkəzlərə qəbul etdirmək elə də asan deyil.
Məsələ isə odur ki, Qarabağda baş verənlər ermənilərin Azərbaycan xalqına, onun milli sərvətlərinə, təbiətinə, tarixinə, ümumilikdə Azərbaycan ünvanlı hər məfhuma qarşı yönəlmiş saysız-hesabsız qəsddən sadəcə biridir.
Tarixən bu qəsdlərin bəlkə də ən ağır payını özündə daşıyan ərazilərimizdən biri də indiki Ermənistan Respublikasının zamanla qəsb etdiyi Qərbi Azərbaycan torpaqlardır. Bütöv Azərbaycanın ayrılmaz parçası olan, Çöyçəli, Basarkeçərli, Vedibasarlı, İrəvanlı, Zəngəzurlu Qərbi Azərbaycan.
Bu kadrlardakı ərazilər Göyçə mahalının Çəmbərək adlı rayonu, Ardanış kəndinin “Dağ yeri”, “Güllərin döşü”, “Kollu Quzeyi”dir. Dəniz səviyyəsindən 1954 metr hündürlükdə yerləşən bu ərazi XVIII əsrin türk fatehi Nadir şah Əfşarın 1740-cı ildə məkan tutduğu ordugah kimi məşhurdur. Ərazisi 45.5 km2 olan bu qədim oğuz kəndinin 2500 nəfərlik əhalisi tarixən bütünlüklə Azərbaycan türklərindən ibarət olub.
Ümumilikdə, Göyçə – indiki Ermənistanın qondarma Sevan adı ilə adlandırdığı Göyçə gölünün ətrafındakı 3172 km2-dən artıq bir ərazidəki qədim türk ellərinin tarixi adıdır. Məşhur “Kitabi-Dədə Qorqud” eposunda Göyçə adı “Gökçə Tenqiz” kimi çəkilir. Ərazidəki gölün “Göyçə” adlandırılmasına isə XII-XIII əsrlərdən başlanılıb. Tarix boyu Azərbaycan türklərinin yaşadığı mahalın adı da eyniadlı göldən götürülüb.
Göyçə mahalının “Dağ yeri”, “Kəvəkli dərə”, “Çalın başı”, “Qara güney” adlı tarixi türk məskənləri xüsusilə 1970-80-ci illərdə ermənilər tərəfindən ərazidəki zəngin uran, dəmir, mineral sular, qırmızı daş, əhəng yataqları, sement istehsalı üçün vacib olan təbii yataqların ələ keçirilməsi məqsədilə dəfələrlə talana və qəsdlərə məruz qalıb. Kənd sakinləri ərazinin ekologiyası üçün ciddi təhlükə yaradan bu talançılığa qarşı uzun illər mübarizə aparsa da, nəticə dəyişməyib. 1988-89-cu illərdə kəndin sakinlərini zorla öz yurd-yuvasından didərgin salan ermənilər buradakı 3 hektardan çox ərazini talan ediblər. Əldə edilən faydalı qazıntılar isə, kəndin aşağ hissəsindən keçən dəmiryolu xətti ilə Axta rayonuna, ermənilərin sonradan Razdan adlandırdıqları ərazidə yerləşən sement zavoduna daşınıb. Azərbaycanın 30 ilə yaxın işğal altında qalan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının vəhşicəsinə talanıb istismar olunan bütün yeraltı və yerüstü sərvətlərikimi.
Bu gün Ermənistan Respublikası adlanan ərazidə yerləşən tarixi Azərbaycan torpaqlarında faydalı qazıntı yataqları qədər vəhşi talana, sui-qəsdə, dağıntılara məruz qalan saysız-hesabsız qədim abidələr, maddi-mədəniyyət nümunələri, qədim yaşayış məskənləri, kurqanlar, qala, saray, istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, məscid, pir və ocaqlar, tarixi-memarlıq abidələri, imarətlər, qəbiristanlıqlar, məqbərələr var. Bütün bu sui-qəsd və dağıntıların əsas məqsədi isə, onun bütün maddi sərvətlərini mənimsəyib talan etməklə yanaşı, ərazilərin türk mənşəli tarixini məhv etmək və saxtalaşdırmaqdan ibarət olub.
Tarixi Göyçə mahalında yerləşən kiçik bir ərazi ilə bağlı təqdim olunan bu videomaterial əslində, Qərbi Azərbaycan diyarının türk tarixinin sadəcə, bir səhifəsidir. Lakin bu kiçik səhifə belə Qafqazın sonradan gəlmə “üzlü qonaqlar”ı olan ermənilərin Azərbaycana aid olan tarixi ərazilərdə həyata keçirdiyi vəhşi və dağıdıcı fəaliyyətin nə qədər miqyaslı və alçaq niyyətli olduğunu anlamağa kifayət edir.
Bu reallıq həm də Qərbi Azərbaycanda baş verən minlərlə belə faktların araşdırılmasının tariximiz və dövlətçiliyimiz üçün nə qədər vacib və əhəmiyyətli olduğunu göstərir. Çünki hər bir uğurlu gələcək məhz yaxşı öyrənilmiş bir tarixin üzərində bərqərar olur.
Öz növbəsində “Baku TV” də elə bu kiçik araşdırma materialı ilə tarixi Qərbi Azərbaycan torpaqlarında baş vermiş və hazırda da baş verməkdə olan bütün proseslərə işıq salmaq niyyəti ilə televiziya məkanında ilk dəfə olaraq “Qərbi Azərbaycan xronikası”na start verir.
44 günlük möhtəşəm zəfərin və onun memarı olan bir Ali Baş Komandanın küllərindən doğrultduğu Qərbi Azərbaycan həqiqətlərini görmək istəyənlərə təqdim etmək və eyni zamanda, özəlliklə görməmək üçün hər yola baş vuranların önünə sərmək üçün.
“Xronika”nı diqqətlə izləyin. Yolumuz Qərbi Azərbaycanadır.