Yunus Oğuz keçmişdən gələcəyə miras daşıyır…
Onun öz təyinatı var- keçmişdən gələcəyə miras daşıyır…
İstedadlıdır- İlahi ərmağandır, ona da verilib…
Xoşbəxtdir- hər iki dünyanın rəhmətini qazanır…
Səsi sarı rəngdədir, bu rəng müdriklərdə olur- həsəd apardım…
Yeddi rəngdən üçü ruhunda var, biri də olsaydı dərviş adlandırardım- bunu ariflər üçün söylədim…
Hər adam üçün danışmır- onu anlayanlar anlayır, anlamayanları yorur…
…Tarixi roman yazmaq asan məsələ deyil. Bunun üçün yazıçıdan üç keyfiyyət tələb olunur- dərin zəka, ciddi araşdırma qabliyyəti, düzgün dəyərləndirmə bacarığı. Qalanı rəngdir…
Həmkarları keçmişdən yazıb, bu günə təqdim edir. Onun əsərləri isə gələcəkdə daha çox oxunacaq. Onu bu günkündən çox tanıyacaqlar…
Dostluqda, yoldaşlıqda necə olduğunu bilmirəm, amma hər ağlı kəsən onu xalqın dostu kimi tanımalı, ehtiram göstərməlidir- bunu xidmətləri deyir…
Söylədikləri Quran ayəsi deyil, amma arxasıyca haqqı çəkən kəlmələrdir- onu eşitməyə dəyər…
Düşünür, düşündürməyi də bacarır- müdrik adamdır…
Sıradan bir nəfər deyil- qənimət insanlardandır…
O, odur- Yunus peyğəmbərdən sonra yadda qalacaq üçüncü Yunus. Ortada Yunus İmrə də var. Oğuz isə onun təxəllüsüdür…
İyulun 22-si Yunus Oğuzun 59 yaşı tamam olur. Ona möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.
59 yaşın mübarək, Yunus Oğuz!…
Elman Eldaroğlu,
ABŞ, Miçiqan