Zaqatalada festival keçirilir
Bu gün Zaqatala rayonunda II Beynəlxalq fındıq, qoz, şabalıd festivalı işə başlayır.
Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin dəstəyi ilə reallaşan festivalın keçirilməsində əsas məqsəd ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.
Rakus.az xəbər verir ki, sentyabrın 30-dək davam edəcək festivalda qonaqlar əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzəcək, Heydər Əliyev Mərkəzi ilə tanış olacaqlar. Sonra Zaqatala Bölgə Təcrübə Stansiyasının “Pərzivan” ərazisindəki fındıq bağına və “Karaca fındıq” MMC-nin fındıq emalı zavoduna baxış keçiriləcək.
Zaqatala şəhərindəki “Dədə Qorqud” meydanında baş tutacaq rəsmi açılış mərasimindən sonra festival iştirakçıları fındıq, qoz və şabalıddan hazırlanmış əl işləri, rəsm və tətbiqi sənət nümunələrindən ibarət sərgilərə baxacaq, fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olacaqlar. Meydanda təşkil olunan yarmarkada fındıq, qoz və şabalıdın müxtəlif növləri nümayiş etdiriləcək. Festivalda fındıq, qoz və şabalıdla bağlı müsabiqələr də keçiriləcək, qaliblər mükafatlandırılacaq. Festivalın birinci günü Heydər Parkında təşkil olunacaq konsert proqramı ilə başa çatacaq.
Festivalın ikinci günü, sentyabrın 29-da Heydər Əliyev Mərkəzində fındıq və digər qərzəkli bitkilərin istehsalı, bu sahənin inkişafının perspektivlərinə həsr olunan simpozium keçiriləcək.
Sonuncu – üçüncü gün qərzəkli meyvələrin satış-yarmarkası təşkil olunacaq.