“Zəngəzur məsələsində İsrail və İran faktoru nəyi dəyişir?” - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, süjetdə Azərbaycanın həyata keçirdiyi ardıcıl strateji proqramının Ermənistanı pat vəziyyətə salmasından bəhs edilir.
Bildirilir ki, Prezident İlham Əliyevin yerli telrviziyalara müsahibəsi Ermənistana bəzi siyasi mesaj verməklə yanaşı, İrəvanın strateji qorxularını üzə çıxarır.
Ermənistanda iddia edirlər ki, Cənubi Qafqaz Türkiyə və İsrail balansında yeni mərhələyə girir: “İsrail amili və İran faktoru Zəngəzur məsələsində bəzi məsələləri dəyişir. Azərbaycanlıların qayıdışı Ermənistan üçün ekzistensial təhlükə kimi təqdim olunur. Azərbaycanlıların qayıdışı Ermənistanı türk dövlətinə çevirəcək. Nikol Paşinyan Azərbaycanın Ermənistandakı səfiridir. Erməni Apostol kilsəsinə kimin rəhbərlik edəcəyinə qərar Bakıdan verilir. Azərbaycan maraqları Ermənistan parlamentində təmsil olunacaq. ABŞ Zəngəzur dəhlizini unudacaq, onun taleyi ilə bağlı Türkiyə və Azərbaycan qərar verəcək. Bir sözlə, İrəvan Qərbi Azərbaycana qayıdışı xəritələşdirdi”.
Süjetdə Azərbaycanın yumşaq güc strategiyasının Ermənistanda yaratdığı qorxunun səbəblərinə, Qərbi Azərbaycan İcmasının siyahıyaalma prosesinin rəsmi İrəvanda narahatlıq doğurmasına, eləcə də Azərbaycanın regionda hansı yeni reallıqlar yaratmasına aydınlıq gətirilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında yanvarın 15-də saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

SONY DSC














