Ozonun konsentrasiyası kəskin artır
Ekoloqlar müəyyən ediblər ki, Hindistan, Malayziya və İndoneziyanın ən böyük şəhərlərində, eləcə də planetin digər regionlarının meqapolislərində atmosferin alt qatlarında ozonun konsentrasiyası son 20 ildə iki dəfə artıb. Ona görə də həmin yerlərdə havanın keyfiyyəti pisləşib. Bu barədə məlumat “Science Advances jurnalında yer alıb.
Rakus.az xəbər verir ki, tədqiqatın müəlliflərindən biri, Boulderdə Kolorado Universitetindən (ABŞ) ekoloq Odri Qodel deyib: “1994-cü ildən başlayaraq IAGOS proqramı çərçivəsində hər təyyarədə alətlər troposferin aşağı qatlarında ozonun səviyyəsini ölçür. Biz bu məlumatlardan planetin 11 regionunda ozonun konsentrasiyasını izləmək üçün istifadə etdik”.
Ümumdünya Səhiyyə Təşkilatının qiymətləndirməsinə görə, hər il atmosferin müxtəlif zərərli maddələr və kanserogenlərlə çirklənməsi nəticəsində təqribən 7 milyon insan ölür. Tədqiqatçıların çoxunun fikrincə, ölüm sayının real miqdarı daha çox ola bilər.
Lakin alimlər havada hansı növ çirkləndiricilərin insanların və ev heyvanlarının sağlamlığı üçün daha çox təhlükəli olması barədə ümumi fikrə gəlməyiblər. Bu çirkləndiricilər sırasına molekulu üç oksigen atomundan ibarət ozon da daxildir. Ozon Yer atmosferinin aşağı qatlarına düşəndə onu ultrabənövşəyi şüalardan qorumaqdan əl çəkir və güclü istixana qazına çevrilir.
Odri Qodel və onun həmkarları bu qazın konsentrasiyasının son on ildə necə dəyişməsi haqqında ilk məlumatı əldə ediblər. Bunun üçün onlar IAGOS proqramı çərçivəsində avialaynerlərdə quraşdırılmış alətlərdən 30 mindən çox ölçmə məlumatını təhlil ediblər. Məlum olub ki, son 20 ildə Yerin atmosfer təbəqəsinin alt qatlarında ozonun konsentrasiyası bütövlükdə, habelə bir çox iri şəhərlərdə sürətlə artıb. Hər on ildə orta hesabla 5 faiz, Malayziyanın, Hindistanın, İndoneziyanın, Çinin şimal hissəsinin ən böyük şəhərlərində, habelə ABŞ və Kanadanın qərb sahillərində 30-70 faiz yüksəlib.
Bu artımın əsas mənbəyi Yerin tropik əraziləri olub. Həmin yerlərdə son illər azot-oksid tullantılarının həcmi kəskin çoxalıb ki, bu səbəbdən də troposferdə ozon molekulları yaranır. Alimlərin fikrincə, bu qazın təxminən bütün böyük mənbələri Cənubi və Cənub-Şərqi Asiya ərazilərində cəmlənib.
Tədqiqatçılar bu nəzəriyyəni yaxın vaxtlarda NASA-nın və EKA-nın iqlim peyklərinin azot-oksidləri və digər qazların konsentrasiyası haqqında məlumatları əsasında yoxlamağı planlaşdırırlar. Onlar ümid edirlər ki, aparılan təhlillər tullantıların mənbələrini lokallaşdırmağa və yaxın on ildə böyük şəhərlərin troposferində ozonun hansı sürətlə çoxalmasını müəyyənləşdirməyə kömək edəcək.