İsveçdə Quranın yandırılması qətiyyətlə pislənilir
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Moratinos sağ ekstremistlər tərəfindən İsveçin Malmö şəhərində Quranın yandırılmasını ən qəti şəkildə pisləyib.
Rakus.az xəbər verir ki, cümə günü baş verən bu hadisə şəhərdə ciddi iğtişaşlara səbəb olub.
BMT-nin nümayəndəsi Quranın yandırılması aktını zorakılığa təhrik adlandırıb. Onun sözlərinə görə, bu hərəkətlər qarşılıqlı hörmət və anlaşmanı təşviq edən, habelə mədəniyyətlərarası və dinlərarası dialoqu genişləndirən BMT-yə və onun Sivilizasiyalar Alyansının məqsəd və dəyərlərinə meydan oxumaqdır.
Ali nümayəndə müqəddəs kitabların, ibadət yerlərinin və dini rəmzlərin ləkələnməsini yolverilməz hesab edir. O, bütün dini liderləri din və ya əqidə zəminində zorakılığın hər hansı formasını ən qəti şəkildə pisləməyə çağırıb.
Migel Moratinos xatırladıb ki, BMT-nin Baş Assambleyası dözümsüzlüyə, mənfi stereotiplərə, stiqmatizasiyaya, ayrı-seçkiliyə və din və ya əqidə zəminində zorakılığa təhrik etməyə qarşı mübarizə haqqında qətnamə qəbul edib. BMT-də, həmçinin dini obyektlərin mühafizəsi üzrə Fəaliyyət Planı qəbul olunub.