Ermənistan ordusunda tutatut başladı
Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxslərinə qarşı cinayət işi açıb.
Rakus.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Müdafiə Nazirliyində yüksək vəzifə tutan şəxslər öz səlahiyyətlərindən sui-istifadə ediblər.
Belə ki, 2019-ci ildə Ermənistan Müdafiə Nazirliyinin tikintilərində və binalarında havalandırma sistemlərinin, eləcə də su borularının təmiri ilə bağlı elan edilən açıq tenderdə hüquqi şəxs qismində iştirak etmiş şirkətlərdən biri qalib elan olunub.
Hərbi hissələri təmir etməyi öz öhdəsinə götürən şirkət, Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsləri ilə sövdələşərək heç bir iş görmədən 150 milyon dram (təxminən 529 min AZN) məbləğində maliyyə vəsaitini mənimsəyib.
Bununla əlaqədar olaraq Ermənistan Milli Təhlükəsizlik Xidməti Müdafiə Nazirliyinin hərbçilərinə qarşı dələduzluq, xidməti vəzifədən sui-istifadə və cinayət məcəlləsinin digər maddələri üzrə cinayət işi açıb.