ArazOzarA ləqəbli gənc müğənni Araz Hümbətov yeni klipini “YouTube” portalındakı hesabından paylaşıb.
Rakus.az xəbər verir ki, sənətçi müəllifi olduğu “Child Amaravati” adlı mahnıya həyat verib.
Xatırladaq ki, gənc müğənni kimi Araz Hümbətov da xarici ölkələrdə ölkəmizi layiqincə təmsil edən ifaçılardandır. O, 2016-cı ildə qatıldığı Fransanın “The Voice” televiziya proqramında auditoriyanı və münsifləri heyran qoymağı bacarmışdı.
Müğənninin milli musiqi alətimiz olan tarla çıxışı böyük marağa səbəb olmuşdu. O, tarın müşayiətilə Kris İsaakın “Wicked” kompozisiyasını səsləndirmişdi.
Fransa vətəndaşı olan xanımla ailə quran həmyerlimiz 2014-cü ildən yaşadığı Tuluza şəhərində incəsənətimizi təbliğ etməklə məşğuldur. Bir çox musiqi alətlərində ifa etməyi bacaran Araz milli muğam və Pakistan sufi musiqisi ilə məşğul olur.
O, ilk dəfə 2013-cü ildə “Mənim şizofreniyam” adlı psixodelik musiqi əsərini təqdim edib. Ardınca 2014-cü ildə “Nous saluerons la lune” filmin orijinal musiqisini bəstələyib. Daha sonra özünün “The Preachers” adlı blyuz-rok musiqi qrupunu yaratmışdır. 2015-ci ildə isə Lyon şəhərində “Nuances” musiqi qrupunu təşkil edib. Bu qrupla müxtəlif musiqi alətlərinin, texniki vokalların qarışığından istifadə edərək mükəmməl improvizasiyalar hazırlamışdır. Həmin il “Nightmare Through The Pill of Happiness” adlı birinci albomu üzərində işləməyə başlayıb.
Sənətçinin “ArazOzarA” ləqəbinə gəldikdə isə o Araz və Zara adlarının, yəni kişi və qadının, səma və torpağın birləşməsi mənası verir.