Türkiyə Qaqauziyaya yardım paketi verdi
Komratda Türkiyə Respublikası tərəfindən Qaqauziyanın tibb müəssisələri üçün nəzərdə tutulan humanitar yardım paketinin təqdim edilməsi mərasimi təşkil olunub.
Rakus.az xəbər verir ki, həkimlərin və kiçik tibbi heyətin fərdi müdafiəsi üçün nəzərdə tutulan vasitələr partiyasını Türkiyənin Moldova Respublikasındakı səfiri Gürol Sökmensüer təqdim edib.
Qaqauz Yeri Muxtar Ərazi Qurumunun tibb müəssisələrinə fərdi müdafiə vasitələri – 20 min maska, 1200 xalat və 300 kostyum verilib. Türkiyə tərəfinin hədiyyəsini təqdim edən səfir bunu Qaqauziyaya qardaş dəstəyinin yardım rəmzi kimi səciyyələndirib.
O qeyd edib ki, bu yardım paketinin təqdim edilməsi Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Moldova Respublikasına yaxın vaxtlarda baş tutmuş səfəri ilə bağlıdır.
“Koronavirus pandemiyası dövründə Türkiyə Respublikası daim Qaqauziyanın və bütün Moldovanın yanında olub. Biz 1950-dən yuxarı insanın yoluxduğu, 88 sakinin həyatını itirdiyi Qaqauziyadakı vəziyyətin bütün ağırlığını başa düşürük”, – səfir Gürol Sökmensüer bildirib.
Qaqauz Yeri Muxtar Ərazi Qurumunun başqanı İrina Vlax “Muxtar Ərazi sakinlərinə göstərilən hərtərəfli və daimi dəstəyə görə” türk xalqına minnətdarlığını bildirib.
Başqan deyib: “Türkiyə daim Qaqauziyanın yanındadır. Bəzən biz qardaşlarımıza müraciət etməyə macal tapmamış, onlar özləri bizə yardım əlini uzadırlar. Əminəm ki, Türkiyənin Xarici İşlər nazirinin bu yaxınlardakı səfəri münasibətlərimizə yeni təkan verəcək”.