KİV: Rusiyanın Ermənistana yeni silahlar göndərdiyi təsdiqləndi
Rusiyanın ermənipərəst mövqeyi ilə fərqlənən “Regnum” informasiya agentliyi 4 sentyabr tarixli “Dağlıq Qarabağın yeni ümidləri” adlı məqaləsində Rusiya tərəfindən Ermənistana yeni silahlar göndərildiyini təsdiq edib.
Rakus.az xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının məlumatında bildirilir.
Qeyd olunub ki, agentlik ənənəsinə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin tarixi, mahiyyəti və nizamlanması ilə əlaqədar real faktları ən kobud şəkildə təhrif etməkdən çəkinməyib.
Bildirilib ki, agentlik 2020-ci ilin iyul ayında Azərbaycanın Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələrinin təxribatı sayəsində başlayan döyüşlərin həqiqi səbəblərini tamamilə yanlış və açıq qərəzli şəkildə təqdim edib.
“Diqqətiçəkən məqam ondan ibarətdir ki, sözügedən agentlik iyul döyüşlərindən sonrakı vəziyyəti “Bakının Ermənistana yeni Rusiya silahlarının göndərilməsinə sərt və acıqlı reaksiyası” kimi qiymətləndirməklə, əslində iyul döyüşlərinin ardınca Rusiyanın təcavüzkar Ermənistanı silahlandırdığını təsdiq edib”,- məlumatda vurğulanıb.