Slovakiya Çexiyanı “qırmızı siyahı”ya saldı
Rakus.az xəbər verir ki, Slovakiya Milli Böhran Qərargahı bu barədə qərar verib. Qərara əsasən, Çexiyadan Slovakiyaya səfər edənlər müddəti 72 saatdan artıq olmayan mənfi PCR testi təqdim etməli və ya azı beş gün müddətində ev şəraitində karantində olmalıdırlar. Qərar sentyabrın 18-dən qüvvəyə minəcək.
Digər qonşu dövlətlər Avstriya və Macarıstanla bağlı isə vacib olmayan səfərlərin təxirə salınması tövsiyə olunub. Ukrayna ilə sərhədlərin nə vaxt açılacağına isə aydınlıq gətirilməyib.
Qeyd edilməlidir ki, 1993-cü ilə kimi vahid dövlətin tərkibində olan Çexiya və Slovakiya arasında sıx iqtisadi və ailəvi bağlar mövcuddur. Bu bağlar və intensiv gediş-gəliş pandemiyaya qarşı qaydaların icrasını çətinləşdirə bilər.
5,4 milyon nəfər əhalisi olan Slovakiyada indiyədək koronavirusa yoluxanların sayı 5580 nəfərə çatıb, ölənlərin sayı isə 38 nəfərdir.
Slovakiya Avropada pandemiyadan ən az əziyyət çəkən ölkələr sırasında yer alsa da, son həftələrdə həm ölkə daxilində, həm də qonşu ölkələrdə yoluxma hallarının artması qaydaların sərtləşdirilməsinə ehtiyac yaradıb.