“Ermənistan regionda vəziyyətin alovlanmasına xidmət edən bəyanatlar verir” – XİN başçısı
“Ermənistanın Azərbaycanın ərazilərinə təcavüzü nəticəsində Dağlıq Qarabağ və yeddi ətraf rayon işğal olunub. Ermənistan bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib”.
Rakus.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı David Zalkaliani ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, Ermənistan rəhbərliyi regionda vəziyyətin alovlanmasına xidmət edən bəyanatlar verir:
“Bizim yanaşmamız beynəlxalq normalara əsaslanır, BMT və digər təşkilatların qərar və yanaşmalarının həyata keçirilməsini tələb edir.
Hesab edirəm ki, regionda sülh üçün dövlətlər işğal siyasətinə son qoymalı, məcburi köçkünlər öz evlərinə qayıtmalıdırlar.
Məqsədimiz tərəqqi və regionun inkişafına xidmət etməkdir. Həyata keçirdiyimiz layihələr məhz bu istiqamətə xidmət edir”.