Ceyhun Bayramov Aİ nümayəndəsi ilə cəbhədəki vəziyyəti müzakirə etdi
Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov Avropa Ittifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Rakus.az xəbər verir ki, bununla bağlı nazirlik məlumat yayıb.
Bildirilib ki, tərəflər Azərbaycan və Avropa İttifaqı arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparıblar. Bu münasibətlərin daha da inkişaf etdirilməsində qarşılıqlı marağın olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov yalnız Azərbaycan deyil, eləcə də bölgənin təhlükəsizliyi üçün ciddi təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ağır nəticələri barədə qarşı tərəfə məlumat verib.
Bölgədə müşahidə olunan gərginlikdən danışan nazir Ermənistan tərəfinin son zamanlar həyata keçirdiyi silsilə təxribat xarakterli əməlləri, o cümlədən, cari ilin 12-16 iyul tarixlərində Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin əvvəlcədən planlaşdırılan hücum cəhdi, 23 avqust tarixində Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun təxribatı, Livan ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilməsi və digər təhrikçi fəaliyyəti haqqında qarşı tərəfə ətraflı məlumat verib.
Ermənistan rəhbərliyinin bu kimi fəaliyyətinin münaqişənin danışıqlar yolu ilə həlli prosesinə zərbə vurduğu qeyd olunub.
Beynəlxalq ictimaiyyətin bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməsinin və işğalçı Ermənistana birmənalı ismarışlar göndərməsinin vacib olduğu vurğulanıb.
Xüsusi nümayəndə Toivo Klaar münaqişənin sülh yolu ilə həlli üçün hər hansı qeyd şərt irəli sürülmədən substantiv danışıqların aparılmasının vacibliyini qeyd edib. O, həmçinin, Aİ-nin bundan öncə olduğu kimi, tərəflər arasında etimadın qurulması tədbirlərinin həyata keçirməyə hazır olduğunu qeyd edib.
Nazir Ceyhun Bayramov etimad quruculuq tədbirləri üçün müvafiq məqamın yetişməsinin önəmli olduğunu vurğulayaraq, ilk öncə Azərbaycan ərazilərinin işğalının nəticələrinin aradan qaldırılmasının zəruri olduğunu qeyd edib.
Tərəflər, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.