Hülusi Akar: “Ermənistan törətdiyi hərbi cinayətə görə cavab verməlidir”
Türkiyənin Milli Müdafiə naziri Hülusi Akar Azərbaycanın mülki vətəndaşlarını hədəf alan Ermənistanın hərbi cinayət törətdiyini deyib.
Rakus.az xəbər verir ki, o, Ermənistan rəhbərliyinin törətdiyi qətllərə görə cavab verməli, məsuliyyətə cəlb edilməli olduğunu bildirib:
“Uşaq, qadın, yaşlı olmalarına baxmadan günahsız insanları hədəf alan Ermənistan rəhbərliyi mütləq insanlıq qarşısında cavab verəcək. Ermənistan mülki vətəndaşları hədəf alaraq hərbi cinayət törədir. Bunu hamının bilməsi lazımdır. Ermənistan daha çox hərbi cinayətlər törətmədən işğal etdiyi torpaqları boşaltmalı, terror təşkilatları ilə əməkdaşlığa son qoymalı, gətirdiyi muzdlu əsgərləri, terroristləri bölgədən çıxarmalıdır”.
O, eyni zamanda qeyd edib ki, 30 il müddətində işğala səssiz qalanlar Ermənistanın bu üzünü görməli və işğal edilən torpaqların əsl sahibinə verilməsi üçün çalışmalıdırlar.