Qarabağ qədim tarixə malik olan bir ərazidir. Buranın özünəməxsus maddi-mədəniyyəti abidələri, zəngin ədəbiyyatı, rəngarəng incəsənəti və könül oxşayan musiqi mədəniyyəti var. Bölgənin gözəl təbiəti, iqlimi, təbii sərvətlərinin zənginliyi, şübhəsiz, yerli əhalinin bədii təfəkkür və yaradıcılığına təsirsiz ötüşməyib. Qarabağ əhalisinin məişəti, gündəlik həyat tərzi, estetik zövqləri, bir sözlə, milli siması, mənliyi öz parlaq düşüncələri ilə Qarabağ mədəniyyətinin inkişafında misilsiz rol oynayıb. Haqqında danışdığım o Qarabağdır ki, bütün dünyaya səs salan, ah- naləsi ilə ürəkləri dağlayan, mənfur düşmənlərin tarixən göz dikdiyi qədim mədəniyyət ocağı…
O Qarabağdır ki, dünyanın ən zəngin muzeylərində xalq sənətkarlığının bir çox gözəl nümunələri qorunub saxlanılır. Azərbaycan xalq sənətkarlığını əks etdirən maddi-mənəvi eksponatlara planetin hər bir yanında rast gəlmək mümkündür. Londonun “Viktoriya” və “Albert”, Parisin “Luvr”, Vaşinqtonun “ Metropoliten”, Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarına baxarkən orda zəngin Qarabağ ustalarının əlləri ilə yaradılmış sənət nümunələrini görmək olar.
Arxeoloji qazıntılar zamanı Qarabağdan tapılmış qab-qacaq, silah və bəzək nümunələri tək bir fakt kimi deyil, həm də onu yaradan sənətkarın ustalıq bacarığından məlumat verən qiymətli mənbə kimi əhəmiyyətlidir. Qarabağ xalq yaradıcılığının tarixi, etnoqrafik və bədii xüsusiyyətləri öz əksini geyimlərdə də tapır. Bu xüsusiyyət həm də müəyyən formalı geyim, onun bəzəklərində və həm də bədii tikmə, toxuma, həmçinin toxuculuqda özünü büruzə verir.
Müxtəlif dövrlərdə Azərbaycanının xalçaçılıq məktəbində toxunulmuş xalçalar bu günədək öz gözəlliyini ilə insanları valeh edir. Zəngin mədəni irsə malik olan Qarabağ bölgəsi musiqi, muğam diyarı kimi məşhurdur. Qarabağ musiqisinin çoxəsrlik ənənələri vardır. Qarabağ musiqi sənətində, muğamlar, xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı özünəməxsus yer tutur. Hər bir sahəsi ilə məşhurlaşan Qarabağ bölgəsinin dadlı təamları, spesifik xörəkləri, Azərbaycan kulinariyasının əsas hissəsini təşkil edir.
Öz kökləri ilə qədim zamanlara gedib çıxan Qarabağ tarixini, həmçinin öz nəfisliyi və zərifliyi ilə seçilən memarlıq abidələrini- məscidləri, məqrəbələri, sarayları, kilsələri və kaşı naxışlarını xatırlamamaq mümkün deyil. Bütün bunlar Azərbaycan xalqının bədii mədəniyyətinin “genofound”unu yaratıb, onun zəngin irsini təşkil edib. Həmin irs XIX əsrin ortalarından yeni tendensiyalarla daha da dolğunlaşıb. Bu dövrün əsas nümayəndələri kimi istedadlı fırça ustaları Mir Mövsüm Nəvvab, şairə və rəssam Xurşudbanu Natəvan və bir çox digərləri çıxış edib Əlbəttə, öz zənginliyinə və unikallığına görə Qarabağ mədəniyyəti Azərbaycan mədəniyyətinin aparıcı və ayrılmaz tərkib hissəsi olub və olacaq.
Dünyanın bir sıra alimləri qədim və zəngin tarixə malik Azərbaycan xalqına məxsus olan bu bölgəni maraqla qəbul edib, araşdırdıqları kimi, eyni zamanda bu ulu diyar onun tarixinə saxta yollarla sahiblənmək istəyən düşmənin də diqqətindən yayınmayıb. Zaman-zaman başımıza müsibətlər gəlib, faciələr yaşamışıq. Ən böyük fəlakət isə yuxarıda haqqında danışdığım Qarabağın indi işğal altında olmasıdı. Biz ona həsrət olduğumuz kimi, o da illərdir bizi gözləyir. Bilmirəm, biz bir-birimizə nə vaxt qovuşacağıq. Lakin dəqiq bilirəm ki, o vaxt Qarabağ mədəniyyətinin, musiqisinin inkişafında xidmətləri olan hər kəsin ruhu rahatlıq tapacaq. Həmin gün bizim ürəyimiz, onnların isə ruhu dinc olacaq…