XİN ermənilərin Şuşa ilə bağlı iddialarına cavab verdi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Şuşa şəhərindəki dini ibadət yerlərinin və mədəniyyət abidələrinin hədəfə alınmasına ilə bağlı Ermənistan XİN-in açıqlamasını şərh edib.
Rakus.az xəbər verir ki, nazirliyin açıqlamasında deyilir:
“Ölkəmizin işğal olunmuş Şuşa şəhərindəki dini ibadət yerlərinin və mədəniyyət abidələrinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən hədəf alınmasına dair Ermənistan XİN-in açıqlaması, Ermənistanın Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki infrastrukturunu və mədəniyyət abidələrini qəsdən atəşə tutması faktlarından beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə yaydığı növbəti saxta ittiham və təxribatıdır.
30 ilə yaxın bir müddətdir ki, Ermənistan Azərbaycan irsinin bütün əlamətlərini aradan qaldırmaq məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərindəki Azərbaycan tarixi və mədəni abidələrinin qəsdən məhv edilməsi siyasətini həyata keçirir. Bu günlərdə Azərbaycanın ikinci böyük şəhəri, eləcə də ölkəmizin tarixi və mədəni irsinin mərkəzi olan Gəncə şəhərinə raket zərbələri endirməklə Ermənistan uzun müddətdir həyata keçirilən vandalizm siyasətini bir daha açıq şəkildə nümayiş etdirdi.
Mədəni müxtəlifliyin aydın və açıq şəkildə hiss olunduğu ölkələr sırasında olan Azərbaycan dini baxımdan dünyanın ən tolerant ölkələrindən biridir. Azərbaycanın işğal olunmuş ərazilərində mədəni soyqırımı həyata keçirən, buradakı məscidlərini dağıdan və təhqir edən Ermənistandan fərqli olaraq, Azərbaycan tolerantlıq ənənələrinin qorunmasına böyük əhəmiyyət verir və Bakının mərkəzində tam təmir edilmiş və dövlətin himayəsində olan erməni Müqəddəs Qriqori Kilsəsi bu siyasətin parlaq bir nümunəsidir.
Azərbaycan Silahlı Qüvvələri Hərbi Komandanlığının rəsmi elan etdiyi kimi, Azərbaycan Ordusunun hədəfləri düşmənin hərbi infrastrukturları, atəş mövqeləri və hərbi hissələridir. Azərbaycan Silahlı Qüvvələri Azərbaycanın suveren ərazilərində əks hücum tədbirlərini beynəlxalq humanitar hüquqa və Cenevrə Konvensiyasına uyğun olaraq həyata keçirirlər.
Bir daha bəyan edirik ki, Azərbaycanın mülki əhali və obyektlərinə qarşı heç bir fərq qoymadan və qeyri-mütənasib hücumlar beynəlxalq humanitar hüquq normalarına əsasən müharibə cinayətləri sayılır, bu əməllərə görə Ermənistan məsuliyyət daşıyır; eyni zamanda, bu əməllər onları törədən cinayətkarların fərdi cinayət məsuliyyətinə cəlb olunması üçün əsasdır.
Şübhəsiz, Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələri işğaldan azad olunan kimi burada Ermənistanın təcavüzü nəticəsində dağıdılmış Azərbaycanın bütün tarixi, mədəni və dini abidələri bərpa olunacaqdır”.