Hillari Klintonun elektron məktubları ictimaiyyətdə açıqlanacaq
ABŞ Dövlət Departamenti əvvəllər departamentə rəhbərlik edən Hillari Klintonun elektron poçt yazışmalarının bir hissəsini yayımlayacaq.
Bu barədə ABŞ-ın hazırkı dövlət katibi Mayk Pompeo “Fox News”a müsahibəsində açıqlayıb.
“Elektron məktublar bizdədir. Onları təqdim edəcəyik”, – o bildirib.
Pompeo Klintonun məhz hansı məktublarından bəhs edildiyini açıqlamayıb.
Bunun noyabrın 3-də keçiriləcək prezident seçkilərindən əvvəl olub-olmayacağı ilə bağlı sualı ABŞ xarici işlər qurumunun rəhbəri belə cavablandırıb:
“Bunu ən qısa müddətdə edəcəyik. Düşünürəm ki, seçkilərdən əvvəl insanların görəcəyi nələrsə olacaq”.
“Xatırlayırsınızsa, məxfi məlumatlar xüsusi serverdə idi. Bu belə olmamalı idi. Hillari Klinton bunu etməməli idi. Bu davranış qəbuledilməzdir”, – Pompeo vurğulayıb.
Xatırladaq ki, 2015-ci ildə Klintonun ABŞ Dövlət Departamentinin rəhbəri olduğu dövrdə şəxsi elektron poçtunu rəsmi məqsədlər üçün istifadə etməsi ilə bağlı qalmaqal yaranmışdı. Daha sonra o, bütün iş yazışmalarını (55 min məktub) xarici işlər qurumuna təqdim etsə də, şəxsi məktublarını (30 mindən çox) sildi, bununla da sərt tənqidlərə məruz qaldı.