Ermənistan 100 mindən çox qiymətli və nadir eksponatları məhv edib
Hərbi zərurət olmadan hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə olunmuş gücləndirilmiş mühafizə altındakı Xocalı, Ağdam rayonunda Üzərliktəpə, Füzuli rayonunda Qaraköpək kurqanları və digər tarixi mədəniyyət abidələri, eləcə də arxeoloji qazıntılar zamanı aşkar edilmiş ümumdünya əhəmiyyətinə malik 100 mindən artıq qiymətli və nadir eksponatlar məhv edilmiş və talanmış, habelə işğalı əbədiləşdirmək və ermənilərin guya işğal olunmuş ərazilərdə tarixən yaşamasını beynəlxalq ictimaiyyətə inandırmaq üçün aparılmış qanunsuz arxeoloji qazıntı işləri zamanı aşkar olunmuş Azərbaycan xalqına məxsus tarixi mədəniyyət nümunələri talan edilərək Ermənistan Respublikasına qanunsuz olaraq aparılıb.
Rakus.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Ermənistan Respublikasına qanunsuz çıxarılmaqla özgəninkiləşdirilərək talan edilmiş, xüsusi tarixi, elmi, ədəbi və mədəni dəyəri olan əşyalar və sənədlər talanması nəticəsində məhv olmuş, korlanmış və dağıdılmış, ağır nəticələrə səbəb olmuş Azərbaycan Respublikasına, onun vətəndaşlarına, ayrı-ayrı fiziki və hüquqi şəxslərə məxsus xüsusilə külli miqdar təşkil edən milyardlarla manat dəyərində daşınar və daşınmaz əmlaklar yandırılmaqla, partladılmaqla və başqa ümumi təhlükəli üsullarla qəsdən məhv edilmiş, bundan başqa işğal olunmuş ərazilərdə Azərbaycan dövlətinə məxsus yeraltı və yerüstü sərvətlər talanmaqla ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurulub.
Qeyd olunan faktlarla bağlı toplanmış materiallar əsasında Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 116.0.2 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.8-1 (hərbi zərurət olmadan qəsdən mədəni sərvəti, o cümlədən gücləndirilmiş mühafizə altında olan mədəni sərvəti hücum obyektinə çevirmə, yaxud gücləndirilmiş mühafizə altında olan mədəni sərvətdən və ya ona bilavasitə bitişik ərazilərdən hərbi əməliyyatların dəstəklənməsi üçün istifadə etmə), 183.2.1 (xüsusi dəyəri olan əşyaları talama), 186.3 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 206.4 (qaçaqmalçılıq) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilməklə istintaq-əməliyyat qrupu yaradılıb.