Rusiya sülhməramlıları Xankəndinə daxil oldu
Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin əsas qüvvələri öz məsuliyyət bölgələrində yerləşdirilməyə davam edir, xüsusən 15-ci əlahiddə motoatıcı briqadanın sülhməramlı batalyonu marş icra edərək Xankəndi şəhərinə daxil olub, onun önxətt bölmələri isə Şuşa şəhərinin yaxınlığında müşahidə məntəqələrinin yerləşdirilməsinə başlayıblar.
Rakus.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.
“Rusiya sülhməramlı kontingentinin əsas qüvvələrinin yerləşdirilməsi davam edir. 15-ci əlahiddə motoatıcı briqadanın sülhməramlı batalyonu marş icra edərək 17:00-da Xankəndi şəhərinə daxil olub. Dağlıq Qarabağda və Laçın dəhlizində tərəflərin təmas xətti boyunca 10 müşahidə postu yerləşdirilib. Sülhməramlı briqadanın ön bölmələri Gorus-Sus-Göytala- Şuşanın cənub-qərb kənarı marşrutu boyunca marş icra edib və “Cənub” məsuliyyət bölgəsində dörd müşahidə məntəqəsinin yerləşdirilməsinə başlayıb”, – Rusiya MN nümayəndəsi bildirib.