Ukraynadan 2 cinayətkar Azərbaycana ekstradisiya olundu
Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Ukrayna Respublikasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Ukraynadan ekstradisiya edilmələri barədə sorğular edilib.
Rakus.az xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Cahangirov Vüsal Tahir oğlunun – 18.07.2018-ci il tarixdə Sumqayıt şəhərində aralarında baş vermiş münaqişə zamanı Kərimov Renat Kərəm oğluna qəsdən bıçaqla ağır dərəcəli bədən xəsarəti yetirməsinə; Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Həmidov Namiq Ramiz oğlunun – 2012-2016-cı illər ərzində vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib “AĞ Bank” ASC-nin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla əməlləri ağır nəticələrə səbəb olmasına, tamah niyyəti ilə informasiya resurslarına bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş külli miqdarda özgə əmlakını mənimsəmə yolu ilə talamasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən şəxslər barəsində beynəlxalq axtarış elan olunub.
Axtarışda olan şəxslərin yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun Ukrayna Respublikasının Baş Prokurorluğuna etdiyi sorğular təmin edilməklə Vüsal Cahangirov və Namiq Həmidov Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin vasitəçiliyi və Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya olunublar.