Tramp 5 gün əvvəl İrana zərbə endirməyi planlaşdırıb – KİV
ABŞ Prezidenti Donald Tramp nüvə zənginləşdirilməsi üçün zavodun yerləşdiyi İranın Natanze şəhərinə zərbə endirməyi planlaşdırıbmış. Noyabrın 12-də baş tutan iclasda onu fikrindən daşındırmaq mümkün olub.
Rakus.az xəbər verir ki, bununla bağlı “The New York Times” nəşri ABŞ-da hazırda vəzifədə olan və ya vaxtilə hansısa vəzifəni tutmuş dörd mənbəyə istinadən xəbər yayıb.
Məlumatlara görə, Tramp Ağ Evdə baş tutan iclasda İrana qarşı növbəti həftə ərzində dəqiq hansı addımların atılacağı ilə maraqlanıb. ABŞ-ın vitse-prezidenti Maykl Pens, dövlət katibi Mayk Pompeo, müdafiə naziri vəzifələrini icra edən Kristofer Miller, ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri, general Mark Milli və digərləri İrana qarşı güc tətbiq etmək fikrindən Trampı daşındıra biliblər.
Onların fikrincə, Natanze zavoduna zərbə bir həftə ərzində Yaxın Şərqdə genişmiqyaslı münaqişəyə çevrilə bilər.
Mənbələr bildirib ki, söhbət raket zərbəsindən və ya kiberhücumdan gedir. İclasda iştirak edən rəsmilər Ağ Evi əminliklə tərk ediblər ki, ABŞ-ın İrana qarşı hər hansı hərbi əməliyyatı olmayacaq. ABŞ Prezident Administrasiyası nəşrin bununla bağlı sorğusunu cavabsız qoyub.