“Gürcü Arzusu” Partiyası qalib gəldiyini elan etdi
Gürcüstanda hakim “Gürcü Arzusu” Partiyasının icraçı katibi İrakli Kobaxidze bildirib ki, parlament seçkilərinin ikinci turunun ilkin nəticələrinə görə, üzvü olduğu partiya bütün birmandatlı dairələrdə qalib gəlib.
Rakus.az xəbər verir ki, İ.Kobaxidze bu barədə mətbuat nümayəndələri üçün keçirilən brifinqdə bəyan edib.
“Səsvermənin ilkin nəticələri ilə bağlı məlumatlarımız var. Gözlənildiyi kimi, “Gürcü Arzusu” partiyasının namizədləri 17 dairənin hamısında qalib gələrək parlamentə mandatı alıblar. Bu səbəbdən növbəti parlamentdə “Gürcü Arzusu” 90 millət vəkili ilə təmsil olunacaq”, – İ.Kobaxidze söyləyib.
O əlavə edib ki, müxalifətin ikinci tur seçkilərini boykot etməsinə baxmayaraq, Gürcüstanın yarım milyondan çox vətəndaşı seçkilərin ikinci turunda iştirak edib.