Parlamentdə Fransa senatının qətnaməsi ilə bağlı etiraz səsləri ucaldı - FOTO
“Dünən Fransa senatında çirkin qətnamə qəbul edilib. Milli Məclis Fransa senatının bu qətnaməsi ilə bağlı bəyanat qəbul etməlidir”.
Rakus.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Onun sözlərinə görə, aparılan bu danışıqlarda xüsusən diqqəti çəkən Fransanın təcüvüzkarı öz adı ilə çağırmaması olub:
“Bütün bunlar Fransanın həmsədr olmasını şübhə altına alır. Azərbaycanın səyləri nəticəsində bu gün yeni reallıq yaranıb. Fransa yaranmış vəziyyətlə barışmalı, haqqın tərəfində dayanmalıdır”.
Daha sonra noyabrın 25-də Fransa senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ”ı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanatın müzakirəsinə başlanılıb.
Məsələ ilə ilə bağlı Milli Məclisin deputatları çıxış ediblər.
Deputat Azay Quliyev Milli Məclisdə noyabrın 25-də Fransa senatının Fransa hökumətini qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımağa çağıran məsləhət xarakterli qəbul etdiyi qətnaməsi ilə bağlı bəyanatın müzakirəsi zamanı deyib ki, Fransa senatının dünən qəbul etdiyi qətnamədəki məqamlar düşmənçiliyin daha da artmasına yönəlib. Bu, Fransa adına böyük bir ləkədir.
“Biz Fransanın vasitəçilik missiyasından imtina etməliyik. Biz daha kəskin addımlar atmalıyıq. Parisdəki səfirimizi geri çağrılmalı, iqtisadi əlaqələr tamamilə dayandırılmalıdır”, – o vurğulayıb.