XİN: “Ermənistan bölgədəki yeni reallıqla barışmalıdır”
Ermənistan rəhbərliyindən fərqli olaraq, Azərbaycan Prezidenti imzaladığı hər bir sənədin nəinki indiki mərhələdə, hətta uzaq perspektivdə nəyə xidmət etdiyini çox yaxşı bilir. Bunu dövlət başçımız yalnız sözləri ilə deyil, konkret əməlləri ilə nümayiş etdirir.
Rakus.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub.
Bildirilib ki, Ermənistan xarici işlər naziri, xəyal dünyasından nə qədər acı olsa da reallığa dönməlidir.
Ermənistan tərəfinin uzun illər ərzində sərgilədiyi beynəlxalq hüquqa zidd və destruktiv mövqe bu ölkəni uçuruma sürükləyib. Ermənistan hökuməti son baş verən hadisələrdən nəticə çıxarmalı və bölgədə yaranmış yeni reallıqla barışmalıdır.
Azərbaycan BMT TŞ-nin müvafiq qətnamələrinin icrasını təmin etdi və ərazi bütövlüyünü bərpa etdi. 10 noyabrda Ermənistan hökumət başçısının da imzaladığı birgə bəyanatla bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatı yarandı.
Əsir və girovların, cəsədlərin dəyişdirilməsinə gəldikdə isə, Ermənistan xarici işlər nazirinə xatırladırıq ki, məhz Ermənistan tərəfi uzun illər ərzində Azərbaycanın “hamının hamıya” dəyişdirilməsi təşəbbüsünə qarşılıq vermirdi. İndi bu prinsipin Ermənistan tərəfindən qəbul edilməsi elə dəyişən reallığın bir hissəsidir. Azərbaycan isə hər zaman beynəlxalq humanitar hüquq prinsiplərinə ciddi riayət edib, humanizm prinsiplərindən çıxış edərək, hətta hərbi əməliyyatlar davam edən zaman birtərəfli qaydada erməni əsirlərini və cəsədləri qarşı tərəfə təhvil verib.
Ermənistan tərəfinin 10 noyabr tarixli birgə bəyanatı yozmaq əvəzinə bu razılaşmadan irəli gələn məsələləri yerinə yetirməsi bölgədə uzun illərdir gözlənilən sülhün yaranmasına xidmət edəcəkdir.