Ceyhun Bayramov Tacikistanda beynəlxalq konfransda çıxış etdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Asiyanın Qəlbi – İstanbul Prosesi”nin 9-cu Nazirlər Konfransında çıxış edib.
Rakus.az xəbər verir ki, nazir çıxışında bildirib:
“Əvvəla, Nazirlər Konfransının mükəmməl təşkilinə və nümayəndə heyətlərinə göstərilən səmimi qonaqpərvərliyə görə tədbirə ev sahibliyi edən Tacikistana səmimi təşəkkürümüzü bildirmək istəyirəm. Bu Nazirlər Konfransı, İstanbul Prosesi çərçivəsində görülən mühüm işləri qiymətləndirmək və Əfqanıstanın və bütün Asiyanın qəlbi bölgəsinin üzləşdiyi ciddi problemlərin həlli istiqamətində ortaq səylərin gələcək istiqamətlərini müəyyənləşdirmək baxımından yaxşı fürsət təqdim edir. Buna görə də, hazırkı konfransı qonşuları ilə sülh şəraitində olan Əfqanıstanın təhlükəsizliyinin və çiçəklənməsinin təmin edilməsi ortaq məqsədimizə çatmaq üçün bütün iştirakçı ölkələrin, eləcə də dəstək verən dövlətlərin və beynəlxalq təşkilatların güclü öhdəlikləri əlaməti olaraq qiymətləndiririk. Biz Əfqanıstanın sabitləşməsini, dinc yolla yenidən qurulmasını və inkişafını ikitərəfli səylər və çoxtərəfli platformalarda fəal iştirak yolu ilə dəstəkləməyə sadiq qalırıq. Bu anlayışa əsaslanaraq, biz Əfqanıstan daxili sülh danışıqlarını yaxından izləyirik və ümid edirik ki, bu prosesin nəticəsində ölkədə Əfqanıstanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə tam hörmət əsasında davamlı sülh və təhlükəsizlik bərqərar olacaq”.
C.Bayramov deyib ki, Azərbaycan İstanbul Prosesinə Əfqanıstanda sülh, barışıq, təhlükəsizlik və iqtisadi inkişafa nail olmaq üçün dəyərli bir mexanizm kimi baxır: “Azərbaycan mövcud problemlərin öhdəsindən gəlmək səylərində Əfqanıstanın ilk və ən fəal dəstəkçilərindən biridir. 2012-ci ildə bu Prosesə qoşulduqdan bəri biz bu çoxtərəfli platformada fəal iştirak edirik. Azərbaycan iki Etimad Quruculuğu Tədbirində, yəni Regional İnfrastrukturlar və Narkotiklərə qarşı mübarizəyə dair Etimad Quruculuğu Tədbirlərində müvafiq olaraq Türkmənistan və Rusiya Federasiyası ilə birlikdə aparıcı ölkə qismində çıxış edərək İstanbul Prosesini daha da irəli aparmağa sadiq qalır. Etimad Quruculuğu Tədbirləri nəticələrə yönəlik və ehtiyaclara əsaslanan əməkdaşlığı təşviq etmək üçün dəyərli bir mexanizmdir. Bu baxımdan, konkret layihələr vasitəsilə Etimad Quruculuğu Tədbirlərinin praktiki olaraq həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir. Biz o fikirdə qalırıq ki, Əfqanıstanın rifahı və tərəqqisi, iqtisadi inkişaf və regional əməkdaşlıq bir-biri ilə əlaqəlidir və bölgədəki ümumi təhlükəsizlik mühitindən asılıdır. Əfqanıstanın yenidən qurulmasına və iqtisadi inkişafına diqqət yetirərkən, bu günə qədər əldə olunan irəliləyişi qorumaq üçün bu ölkənin üzləşdiyi təhlükəsizlik problemlərini həll etməyə davam etməyimiz vacibdir. Bu səbəbdən terrorizm, zorakı ekstremizm və separatizmin bütün formaları və təzahürləri ilə yaratdığı təhlükəsizlik təhdidlərinə qarşı birgə səylərin davam etdirilməsi və bu xüsusda regional əməkdaşlığın genişləndirilməsi son dərəcə vacibdir”.
Nazir vurğulayıb ki, Azərbaycan təhsil və təlim, infrastrukturun inkişafı, investisiya və maliyyə yardımı sahələrində praktiki töhfələri artıraraq Əfqanıstanı özünə güvənmə yolunda dəstəkləməyə sadiq qalır: “Azərbaycan təcrübəsini ikitərəfli kanallar vasitəsilə də Əfqanıstanla bölüşür və yaxşı idarəetmə, ictimai xidmətlərinin göstərilməsi (ASAN), hərbi, hüquq-mühafizə və minalara qarşı mübarizə sahələrində təlim yardımları göstərir. Şəffaflıq, rüşvət və korrupsiyaya qarşı tolerantlıq göstərməyən Azərbaycan Vətəndaşlara Xidmət və Sosial İnnovasiya Dövlət Agentliyi – “ASAN Xidmət” Əfqanıstanla fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq, vətəndaşlara dövlət və özəl xidmətlər göstərən “bir pəncərə” mərkəzlərini quraraq Əfqanıstanın dövlət xidmətlərinin yaxşılaşdırılmasına yönəlib. Azərbaycan, eyni zamanda Əfqanıstanla regional iqtisadiyyata inteqrasiyanı asanlaşdırmaq və regional əlaqələri genişləndirərək qonşuları ilə və digər ölkələrlə ticarəti canlandırmaq istiqamətində əməkdaşlıq edir. Azərbaycanın təşəbbüsü ilə davam edən regional bağlılıq layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan və İranın dəmir yolu şəbəkələrini birləşdirən Xəzər dənizinin sahilindəki logistika mərkəzi kimi əsas strateji magistral komponentlər, Şərq-Qərb və Şimal-Cənub oxları boyunca çox modullu imkanlara malik trans-regional infrastrukturun inkişafında keyfiyyətcə yeni bir nailiyyətdir. Bu layihələr Əfqanıstanın dünya bazarına çıxışını asanlaşdıracaq və regionda yük və konteynerləri daha qısa, daha sürətli, daha səmərəli və qənaətli şəkildə idarə edə biləcək əlaqələndirməni təmin edəcəkdir”.
“Əfqanıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Türkmənistan arasında “Lapis-Lazuli” marşrutu üzrə saziş Əfqanıstanı birbaşa Avropa ilə birləşdirəcək böyük beynəlxalq ticarət və nəqliyyat dəhlizi razılaşmasıdır. Bu, Əfqanıstanın Avrasiya üzərindən ticarəti genişləndirmək üçün infrastrukturun yaxşılaşdırılması və yaradılması yolu ilə əlaqələndirmə səylərində mühüm bir mərhələdir. Bu sazişin bir hissəsi olaraq, Azərbaycan Əfqanıstana tranzit və nəqliyyatla bağlı çoxsaylı seçimlər təqdim edərək öz töhfəsini verməkdən məmnundur. Əfqanıstanın regional ticarət, tranzit və nəqliyyat üçün mühüm bir mərkəz kimi rolunu nəzərə alaraq, Əfqanıstan üzrə Regional İqtisadi Əməkdaşlıq Konfransının (RECCA) bu coğrafi məkanın faydalarının bölüşdürülməsində və Əfqanıstanda davamlı inkişafın dəstəklənməsində rolu çox vacibdir. Sonda Azərbaycanın Əfqanıstanın suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə davamlı dəstəyini təkrarlamaq istərdim və Milli Birlik Hökumətinə dost və qardaş Əfqanıstan xalqının vahid, dinc və firavan gələcəyini təmin etmək səylərində uğurlar arzulayıram”, – XİN başçısı qeyd edib.