Zəngəzurun qanlı tarixi ilmələrdə - FOTO - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış teleaparıcı Elçin Əlibəylinin təqdimatında “Ağdü xalçasının sirləri” adlı veriliş efirə gedib.
Rakus.az xəbər verir ki, Qərbi Azərbaycan – bu böyük bir ərazi, böyük bir coğrafiya, böyük bir el deməkdir. Hər bir elin, hər bir coğrafiyanın əsas vəsiqəsi, əsas vizit kartı onun yaratdığı maddi-mədəniyyət abidələridir. Xalça bu mənada ən əvəz olunmaz bir vasitədir. Çünki xalçalarda həm kodlar, həm məlumatlar, həm informasiyalar gizlənir. Kimin nə iddia etdiyindən asılı olmayaraq bütün dünyada da peşəkarından tutmuş ən həvəskar insan da bilir ki “Türkbaf” nədir və onu kim toxuya bilər. “Türkbaf” üsulu ilə toxunan xalçalardan, ilmələrdən, palazlardan, kilimlərdən Qərbi Azərbaycan İlmələrində danışacağıq. Bu bizim tarixi haqqımızdır və tarixi haqqımızı sənədimizi təqdim edirik!
Qərbi Azərbaycan Zəngəzur bölgəsi Ağdü kəndi. Ən qədim yaşayış məskənlərindən biri. Bax gördüyümüz bu ərazidə tapılan insan sümüklərinin fraqmentləri, mağarada olan abidələr, daş abidələr hələ çox qədimə, qədim inancllara, qədim türk inanclarına gedən nümunələrdir. Bütün bu nümunələrin izləri xalçalarda da var. Və biz bu gün onları öz gözümüzlə görəcəyik. Bu qədim türk yaddaşının ilmələrə köçürülən versiyasıdır. Və bu yaddaş minillərdir yaşayır, bu gün də toxunur. və bu informasiya, bu məlumat bu gün də yaşadılır. Və biz indi Ağdüyə baş çəkəcəyik.
Əslində Zəngəzurun ən gözəl bölgələrindən biri Qarakilsə bölgəsinin azərbaycanlıların azərbaycan türklərinin tarixən yaşadığı bir kənddir. Və bu kəndin adıyla bağlı çox ciddi manipulyasiyalar oldu. Erməniləşdirmək üçün hər bir şeyə əl atdılar. Amma tarix özü danışır. Ağdü -“Ağ utu, Ağ udu” yəni biz bildiyimiz utu, udin tayfalarının bir adıdır. Və burada olan bütün izlər qəbirüstü abidələr, və ondan da əvvəl inanclar qədim türklərin birbaşa inancı ilə bağlıdır. Bax burada saxtakarlıq işə yaramır. Və bu saxtakarlığa ən yaxşı cavab elə ilmələrdir. İlmələrdə gizlənən, naxışlarda gizlənən kodlar bu ərazinin kimə məxsus olduğunu daha yaxşı göstərir.Ağdüyə baş çəkək.
Ağdü çox qəşəng kənd idi. Ağdü dağların arasında çökəklikdə idi. Qızılqaya və Yantəpə deyilən dağların arasında idi. Nə qədər ətrafda dağlar var idi. Biz o dağların aşağı tərəfində yaşayırdıq. Qızılqayanın dib tərəflərində səngər düzəltmişdilər. Orada mal qara saxlayırdılar.Qaçqınçılıq vaxtı eşitdiyimə görə orada gizlənirdilər yaşayırdılar. Bu biri tərəfində Qaranlıq Kaha deyilən yer var idi. Orada da min qoyun saxlayırdılar. Onun yanında Yafşan düzü deyilən təpə var. Yamac deyilən yer var idi. Ora ilə gedirdik Ağdünün Çəfşənlər deyilən hissəsinə. Dərədən üzü yuxarı.
Dağların yanında o yamaclarda evlər tikilmişdi. Çox gözəl mənzərəli yer idi. Gözəl bulaqları var idi; Arzu bulağı, Əlimərdan bulağı var idi. Oradan küplər çıxırdı, qablar çıxırdı. Bəzi küplərdən pendir də çıxırdı. Bir qəbir daşı çıxartmışdılar. Onun içindən 15 yaşında qız uşağının sümükləri çıxmışdı. Onun yanına pendir su qoyub qapatmışdılar daşla. Qızı necə dəfn etmişdilərsə, elə də saf qalmışdı iki daşın arasında. Onun məzarını daşla düzəltmişdilər.
Zəngəzur həm də qanlı hadisələrilə yadda qalıb. Bir çox tarixçilərin əsərlərində bununla bağlı biz kifayət qədər məlumat oxuyuruq. 1905-ci ildə, 1918-1920-ci illərdə Zəngəzurda baş verən hadisələr sözün əsl mənasında qanlı tarix idi. Bu qanlı tarixdə bizim soy kökümüzü, bizim tariximizi, bizim mədəniyyətimizi yox etmək istədilər. Amma bacarmadılar. Heç indi də bacarmayacaqlar. Çünki bu xalqın böyük bir yaddaşı və böyük bir mübarizəsi var. Və bu mübarizə bugün də yaşayır; Zəngəzura Ağdüyə qayıtmaq eşqi, qayıtmaq ruhu hər kəsdə, hər bir Ağdülünün ürəyində yaşayır.
Biz uşaq olanda Əyyub Abbasov gəlirdi biz də qulaq asırdıq. Deyirdi ki, orada çoxlu qoçaq qadınlar olub. Biri də mənim qoca Gülüstan nənəm olub. Ermənilər müsəlmanların qanını içirdilər,o qədər zülm eləyirdi müsəlmanlara ki, o arvad gecə gedib erməninin ürəyini çıxarıb suya atıb. Ondan sonra ermənilər sakitləşib. Əyyub Abbasov otururdu qocalarla söhbət edirdi və qeyd edirdi özündə.
Ağdüdə toxunan xalçalar, orada yaradılan çeşnilər həmin insanların əsas yaddaşıdır, əsas yaddaşından ötürülən informasiyadır. Bax bu xalçaların hər birində hansı tayfaya mənsub olması, nə ilə məşğul olması tamamilə əks olunmuşdur. Gizli kodlarla hər biri çatdırılmışdır. Buradakı elementlər, istər damğalar, istər səkkizguşəli ulduzlar, istərsə də qarmaqlar həm məşğuliyyəti, həm mifoloji inancları, həm də əsas kimliyini sübut edən vəsiqədir. Bunu heç cür saxtalaşdırmaq olmaz. Əksər xalçaların üzərində hətta ərəb əlifbası ilə toxunma tarixi də var. Canlı insan, toxunma tarixi və kimə məxsus olduğu da bəllidir. Ən maraqlı cəhətlərdən biri ondan ibarətdir ki, qədim türk inanclarından süzülüb gələn bax bu naxışlara, bu ilmələrdə gizlənın simvollara, semantik həllə heç bir şey toxuna bilmədi. Nə zərdüştlük, nə islam, nə sovet rejimi nə də erməni təzyiqi bu naxışları dəyişdirə bilmədi. Çünki bu naxışlar əslində bütöv bir xalqın bütöv bir tayfanın əsas vəsiqəsi idi. Və Ağdüdə bu ənənə indi də yaşayır, evlərdə qorunur.
Bu yun, xovlu xalça Ağdüdə toxunub. Yuxarı hissədə hicri 1327 tarixi qeyd olunub. Qırmızı yerikli xalçanın əsas bəzəyi ara sahəyə yerləşdirilmiş dörd böyük ölçülü göldür. İkisi ağ, ikisi isə sürməyi yeriklidir. Qarmaqlı motivlər, səggizgüşəli ulduz, altıləçəkli gül, “S”-ə bənzər element, “gözqaytarıcı” motivlər var. Dördünsür, qazayağı və medalyonlar, nal motivlər xalçanın sakral mənasını daha da dərin edir. Bir ailəni işarə edən xalçada göllərin sayı, əsas kökü, nəsli işarə edir. Üzərində olan motivlər onların yaşam tərzini, inancını, damğalar isə hansı tayfaya mənsub olduğunu işarə edir. Müxtəlif tayfalara görə damğaların təsviri və medalyonlarda olan motivlər dəyişirdi. Bu xalça evi bəd nəzərdən, qaranlıq əməldən qoruyan, onun bərəkətinin haradan gəldiyini və kimin qoruduğunu əks etdirən bir tablodur. Sakral mənası daha dərin və qədim dünyagörüşünə söykənir. Özü ilə minillərin qədim türk tayfalarının, Ağdü, Zəngəzur elinin yaddaşını qoruyub, saxlayır.
Mənim nənəmgilin evləri var idi 4metr 3.5m hündürlükdə olardı, üstündə baca var idi. Bu yadımdadır. Biz kürsü qururduq. Kürsü qururduq peç yox idi o vaxtlar. Kürsünün üstünə sərməyə zecim toxuyurduq. Ondan bir neçə ədəd sərirdik, üstünə də döşək, yastlq qoyurduq. Təndirdə yeməklər bişiridik. Orada yeyib içib otururduq.
Nənəmgil xana uzadırdılar, 4-5 nəfər otururdu 7 metrlik kilim toxuyurdular. Kilim toxunuşu başqa cür idi xalça kimi deyildi. Lala gəbəsi deyilən gəbə, xonçalı gəbə deyirdilər onu toxuyrduq gözəl qədim naxışlarla. Kilimlər də göllü olurdu, çömçəli göl, qaynağlı göl. Hərəsinin öz adı var.
Sadə 5 xalçadan bir xalçanın naxışlarını toxudu. Göygölü toxudu. Gölün yanında insanlar oturub, qız maralı qucaqlayıb və s. Çox gözəl idi.
Mən 9 ədəd özüm toxumuşam. Cəhrəsini özüm əyirirdim, özüm arqaz eləyidim, ağzını özüm kəsmişəm öz əllərimlə. Bunların hamısını özüm toxumuşam. Boyalarını da özüm təbii yolla boyamışam. Maralın xaki rəngini özüm boyamışam. Palıd ağacı ilə, soğan qabığı ilə, süd ilə əldə edirdim. Üç gün saxlayırdıq boyada. Qız şəklini toxuyanda ət rəngini əldə eləmək üçün üç rəngə boyadığım yun iplərdən istifadə etmişəm ki, qızın üzü təbii olsun. Ağ yun, çəhrayı və qara yun iplərdən.
Ağdü kəndinindən gələn və onun yaddaşını özündə saxlayan xanımın özü ilə gətirdiyi böyük bir sirr də var. Bu sirri indi açacaq sizinçün. Ağdüdə yetişdirdiyi limon ağacını özü ilə gətirib. Bir şahid kimi. O günlərin, xoş günlərin,o çətinliyin, qaçqınlığın əsas şahidi, çox qəribədir, bu ağac oldu. Və bu ağac Şamaxıda da, Bakıda da çiçəkləndi, böyüdü. Amma onunçün Ağdü torpağı lazım oldu. Özü ilə gətirdiyi limon ağacı yalnız o torpağı görəndən sonra çiçəkləndi. Hər birimizin bir torpağımız var və o torpağı hiss edəndə güclü oluruq, o torpağın enerjisini alanda güclü oluruq. Bizim də gücümüz Qərbi Azərbaycanda olan və bu gün əsarətdə qalan, ayağımız dəyməyən bizim torpaqlardlr.
Ağdülü bir xanımın içində olan həsrət, əslində hər birimizin içində var. Qərbi Azərbaycana qayıdış, böyük Vətənimizə böyük dönüşümüz mütləq olacaq! Əsas odur ki, ümüdümüzü inancımızı saxlayaq, qoruyaq. Və bizdən sonra gələnlərə də bütün bildiklərimizi çatdıraq.
Baxdım ağac quruyub. Ağac ağaclığı ilə öz torpağını istədi. Bir də gördüm ağac yumuşalıb. Gətirdim dibçələrdəki ağdü torpağını boşaltdım bu ağacın dibinə. Öz torpağımızı tökəndən sonra ağac dirildi. 38 idir bu ağacı yaşadıram. Hər il belə meyvə gətirir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş mayın 23-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.