Yurdundan qovulan, minillik tarixi yaşadan Hallavar eli - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru, tanınmış teleaparıcı Elçin Əlibəylinin təqdimatında “Daşkəndin daşdan ilməyə köçən yaddaşı” adlı veriliş efirə gedib.
Rakus.az xəbər verir ki, “Minillik tarixi yaşadan Hallavar eli” adlı verilişdə 1988-ci ildə erməni deportasiyası zamanı Pəmbək mahalının Hallavar kəndindən Azərbaycanın müxtəlif bölgələrinə səpələnən bu kəndin camaatının hər birinin qəlbinə Vətənə qayıdış arzusu, istəyi əks olunur.
Bildirilir ki, unikal ləhcəsi ilə seçilən hallavarlılar öz adət-ənənələrini, məişətini, musiqisini olduğu kimi indi də yaşadır, gələcək nəsillərə ötürürlər: “Bütün bunlar onların fərqli danışıq, davranış və həyata tərzlərində aydın görünür”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş iyunun 17-də saat 19:30-da Baku Tv-nin efirində və iyunun 14-də saat 19:30-da Youtube kanalında yayımlanıb.