Yaponiya KXDR-ə etirazını bildirdi
Yaponiya mayın 9-da keçirilən raket sınağına görə Koreya Xalq Demokratik Respublikasına (KXDR) etirazını bildirib.
Rakus.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti baş katibinin müavini Kotaro Noqami məlumat verib. K.Noqami bildirib ki, Yaponiya hökuməti aparılan araşdırma nəticəsində KXDR-in həmin gün yaxın məsafəli ballistik raketin sınağını keçirdiyi qənaətinə gəlib.
Baş katibin müavini əlavə edib ki, bu sınaq BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin pozulması deməkdir və ciddi təəssüf hissi doğurur.
K.Noqami bəyan edib ki, Yaponiya ABŞ və digər maraqlı ölkələrlə BMT TŞ-nin müvafiq qətnamələrinin tam icra edilməsi üçün əməkdaşlığı davam etdirəcək.
Hökumət rəsmisi qeyd edib ki, Yaponiya KXDR-ə qəti etirazını bildirib və bunu Pekindəki diplomatik kanallar vasitəsilə çatdırıb.