Rus tankının qarşısını 16 yaşında kəsdi – 19 yaşında şəhid oldu - VİDEO
Tarixə düşmək, yaddaşlarda yaşamaq, adını əbədiləşdirmək bu dünyada hər adama nəsib olmur. Bunun üçün insanda cəsarət, hünər, rəşadət, igidlik kimi xüsusiyyətlər vacib olsa da, bəlkə heç bu da kifayət etmir. Çünki belə xarakterə sahib insanlar hər gün, hər saat tapılmır. Görünür iz qoymaq üçün insanda həm təqva, həm təmiz ruh, həm də genetik alilik lazımdır. Bu gün sizə danışacağım qəhrəmanda bütün bu xüsusiyyətlər toplanıb.
Vətən fədaisi, xatirələrdə iz qoyan şəhid Niyazi İsabala oğlu Əsgərov. Cəmi 19 il ömür sürən Niyazi Əsgərov yeniyetmə çağlarından öz davranış və hərəkətləri ilə hamının diqqətini cəlb edib. Məktəbdə tarix müəllimləri ilə “bizə Rusiyanın, işğalçıların tarixini yox, milli tariximizi keçin” deyə mübahisə edirmiş. Cəmi 16 yaşında 1990-cı il 20 Yanvar qırğını zamanı meydanlarda hünər göstərib, rus tankının şəhərə daxil olmaması üçün qabağına uzanıb etiraz edən, başından ağır yara alan birisi olub. Hələ 1987-ci ildən milli fəal kimi bir çox təşkilat və hərəkatlarda olub. 1992-ci ildə Qarabağ münaqişəsi başlayanda isə çağırışına hələ üç ay qalmış ərizə yazıb döyüşə yollanıb. Bütün döyüşlərdə rəşadət göstərən Niyazi çoxlu sayda erməni separatçısını məhv edərək onların silahlarını qənimət kimi götürüb. Qısa zamanda Daxili Qoşunların Gəncədə yerləşən hərbi hissəsinin sayılıb-seçilən əsgərlərindən olub. Savaşın ən qızğın vaxtında – 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Aterk kəndi uğrunda qeyri-bərabər döyüşə girib. 41 nəfərlik dəstə günlərlə sözün əsl mənasında düşmənə divan tutub, son damla qanlarına qədər döyüşüblər. Niyazi bu döyüşdə də seçilib, yaralılara kömək göstərib. Təəssüf ki, mühasirə şəraitində, silah-sursatın tükəndiyi bir məqamda sona qədər davam gətirə bilməyiblər. 41 nəfərdən yalnız 3-ü sağ qurtula bilib, Niyazi isə şəhadətə yüksəlib.
Araşdırmaçı Qoşqar Vəli ölməz şəhidimizlə bağlı xatirələri bölüşür: 1988 – ci ildə Ermənistanın ərazi iddialarından irəli gələn Qarabağ münaqişəsinin alovlanması, keçmiş Ermənistan SSR-də yaşayan azərbaycanlıların öz ata-baba yurdlarını tərk etməsinə səbəb oldu. SSRİ rəhbərliyinin ermənipərəst mövqeyi xalqımızın milli dirçəliş ruhunu oyatdı. Bu dirçəliş hərəkatı müstəqilliyimizə gedən yolun başlanğıcı idi. Bu hərəkata qoşulan gənclərdən biri də şəhid Niyazi Əsgərov idi. Niyazi İsabala oğlu Əsgərov 1973-cü il avqustun 19-da Göyçə mahalının, Çəmbərək rayonunun Ardanış kəndində anadan olmuşdu. Niyazi 7 aylıq ikən ailəsi Bakı şəhəri Abşeron rayonu Xırdalan qəsəbəsinə köçür. Niyazi orta məktəb təhsilinidə Xırdalan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə alır. Orta məktəbdə oxuyarkən Milli azadlıq hərəkatına qoşulur.
Niyazi ali təhsil almağa, humanitar sahədə bacarıqlı mütəxəssis kimi yetişməyə, tarixçi olmağa can atırdı. 20 yanvar hadisələri zamanı Niyazi təhlükəli vəziyyətlə üzləşərək ağır dərəcəli xəsarət alır. 1992-ci il aprelin 28-də Milli Orduya həqiqi hərbi xidmətə çağrılan Niyazi Gəncə polis batalyonunun sıravi döyüşçüsü idi. Onun ilk döyüş yolu Kəlbəcər rayonunun Ağdaban kəndinin mühafizəsindən başlayır. 1992-ci il iyulun 3-dən Ağdərə döyüşlərində iştirak edir. Həmin il iyulun 14-də Aterk kəndinin mühafizəsinə göndərilir. Sərsəng Su Anbarının nəzarətinin zəif təşkili, qərərgahın Həsənrizdə yerləşməməsi, Zəylikdə postun olmaması, vahid komandanlığın təşkilindəki qüsurlar Aterk faciəsini yaşatdı. İyulun 19-da Umudlu kəndinə yerləşən ermənilər iyulun 20-də səhər tezdən ağır texnikanın köməyi ilə Aterk kəndinə hücuma keçdilər. Qeyri-bərabər döyüşdə Niyazi yaralı döyüş yoldaşını döyüş meydanından çıxararkən özü şəhid düşdü.
Niyazinin cənazəsi avqustun 16-da Ağdərə bölgəsinin itirilmiş əraziləri geri qaytarıldıqdan sonra tapılaraq Şəhidlər Xiyabanında torpağa tapşırıldı. Qarabağ müharibəsi xalqımızın igid, mərd oğlanlarının hər birində Vətən sevgisinin nə olduğunu düşmənə göstərdi. Vətənin azadlığı yolunda əlinə silah alıb döyüşən, şəhid olan Vətən oğulları isə xalqımızın qəlbində əbədiyaşardır.
Səbuhi Rəhimli MEDİA-nın təqdim etdiyi aşağıdakı videoda Niyazi Əsgərovun həyat hekayəsi təsvir olunur, Daxili Qoşunların ədsanəsi sayılan Niyazinin şərəfli ömür yoluna nəzər salınır. Onun anası Lalə, bacıları Lətifə və Təranə, qardaşı Qurban Əsgərov döyüş yoldaşlarının həyatını xilas edən qardaşlarının vətənpərvər keyfiyyətlərərindən ətraflı söz açırlar. Sinif yoldaşları Zərxanım Əzizova Zülfiyyə Əhmədova, Fərhad İsmayılov və Samirə Həsənova xatirələrdə iz qoyan Niyazinin qəhrəmanlıq dastanının elə məktəb illərindənm başladığını söyləyirlər.
Allah şəhidlərimizə rəhmət etsin!
Əsgər Əlioğlu İbrahimov