İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, buraxılışda filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova ölü çərşənbənin, Novruz bayramından əvvəl qəbirüstü ziyarətlərin mahiyyətindən söz açıb.
O bildirib ki, ölü çərşənbədə ruhları yad etməmək müəyyən qorxular yaradır: “İlaxır çərşənbədə bəd ruhlar təhlükədən qoruyan inancdır. Bu çərşənbədə edilən səhv bütün ilə təsir edə bilər və qədim insan bundan hər zaman qorxub. Qədim zamanlarda Od çərşənbəsində bəd ruhların qarşısı alınırdı və bu gün o sirli rituallar gizlədilir. Novruzdan bir həftə əvvəl yas mərasimini bitirmək tələbi qədim inancın davamıdır”.
Onun sözlərinə görə, “Kitab-i Dədə Qorqud”dakı qara, qırmızı və qızılı çadır rəmzləri çərşənbə inancları ilə bağlıdır: “Səməni cücərdilməsi sadəcə bahar simvolu deyil, torpaq və insan məhsuldarlığının magik çağırışıdır. Qədim rituallar bu gün folklor kimi təqdim olunur, əslində onların real funksiyası var”.
A.Cəfərova İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu, Novruzdan əvvəl yas mərasiminin bitirilməsi sirri, bar verməyən ağacı qorxutma mərasimi, qəbirlərə gül aparmağın mistik mənası, eləcə də Paxır bayramında yasdan həyata dönüşün necə təşkil olunması ilə bağlı məsələlərə aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş martın 7-də saat 18:00-da Baku Tv-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.














