Müğənni Niyam Salaminin “Yenu ulduz” ifaçılarını “çör-çöp” adlandırması ətrafında qalmaqal səngimək bilmir.
Rakus.az xəbər verir ki, bu dəfə yarışmada münsif kürsüsündə oturan Xalq artisti Mübariz Tağıyev və “Soy” prodakşının və layihənin rəhbəri Oqtay Əliyev məsələyə fikir bildirib.
O.Əliyev saytımıza açıqlamasında “Yeni ulduz” iştirakçılarının Azərbaycan estradasındakı rolundan bəhs edib:
“Onun sözlərinin iki mənası var: əgər Niyam bunu qara, pis, atmaca, sancma fikri ilə desəydi, münasibət başqa olardı. Niyam burada bənzətmə edib. Əslində, şou-biznesi, insanları əşyaya bənzətmək düz deyil. Yenə də ümid edirəm ki, onun çörək kəsdiyi, münasibəti olduğu insanlara qarşı fikri pis olmayıb.
Amma həmin o, “çör-çöp”lər Azərbaycan estrada janrında öz sözünü demiş, dünya səhnələrini fəth etmiş gənclərdir. Safura, Aysel, Çingiz, İlhamə, Elvin, Azad Şabanov və başqaları tanınır. Bunların heç biri küncdə, bucaqda, səviyyəsiz, mənasız mahnılar oxuyub, çıxıb onla-bunla qalmaqal edənlər deyil. Onlar qısa vaxt da olsa, bir məktəb keçdilər. Həmin ifaçılar bu məktəbin əlaçı tələbələridir.
Hamımız da ümidvarıq ki, gələcək onların əlindədir. Dedikləri “çör-çöp”lər Azərbaycan estradasında balaca da olsa, imza qoyacaqlar”.
M.Tağıyev isə Niyam adlı bir müğənni tanımadığını deyib:
“O, kimdir? Tanımıram… “Çör-çöp” sözünə gəldikdə isə… Onlar məktəb keçiblər, mötəbər müsabiqələrə qatılıblar. Nələr etdiklərini hamı bilir. Kiməsə “çör-çöp” deməzdən əvvəl, həmin müğənni özü gedib nəsə etsin, tanınsın, yadda qalsın. Bu cür insanların sözlərinə fikir vermək lazım deyil”.
Qeyd edək ki, Niyamın “çör-çöp” ifadəsinə müğənnilər İlhamə Qasımova, Aygün İsmayılova, Elvin Abdullayev, Aysel Əlizadə öz etirazını bildirmişdi. N.Salami isə onları özlərini reklam etməkdə ittiham etmişdi.
“Yeni ulduz” yenidən başlayır?
Bir neçə həftə öncə ATV-nin Bədii Şurasının iclası zamanı Xalq artisti Murad Dadaşovun paylaşdığı “Qarşıdakı planlarımız” adlı fotoda “Yeni ulduz” qeydi diqqət çəkmişdi.
Bu gün isə Xalq artisti Faiq Ağayev Lent.az-ın canlı yayımında musiqi yarışmasının bərpa olunacağı haqda məlumat verib.
Məsələ ilə bağlı Axşam.az-a “SOY Production”ın direktoru və “Yeni ulduz” layihəsini rəhbəri Oqtay Əliyev danışıb.
O söyləyib ki, müsabiqənin yenidən start götürməsi barədə məlumatı yoxdur:
“Bundan xəbərimiz yoxdur, həmin proyekt bizim olduğu üçün birinci biz bilməliyik. Ola bilər ki, “Yeni ulduz”un bərpa olunması Faiq Ağayevin arzusudur. Müsbət bir istəkdir, oturub danışmaq lazımdır. Əsas layihənin maddi tərəfidir. Onları həll etmək lazımdır. Artıq dövr dəyişib, yarışmanın studiyasını müasir tərzdə düzəltmək, böyük ekranlar gətirmək lazımdır. Sadə bir iş ortaya çıxarmaq düzgün deyil. Keyfiyyətli iş üçün isə maliyyə mütləqdir. Əvvəlcə maliyyənin mənbəyini tapmaq lazımdır. Ondan sonra “Yeni ulduz”un bərpası barədə rahat danışmaq olar”.
Qeyd edək ki, “Yeni ulduz” mahnı müsabiqəsi ATV-də 10 mövsümdən çox davam edib. Hazırda məşhur olan Günay İbrahimli, Sevda Yahyayeva, Elvin Abdullayev, İlhamə Qasımova, Çingiz Mustafayev, Aysel Teymurzadə, Səfurə Əlizadə kimi ifaçılar yarışmanın yetirmələridir.