Trampın səfəri başa çatdı
ABŞ Prezidenti Donald Tramp mayın 28-də Yaponiyaya dövlət səfərini başa vurub.
Rakus.az xəbər verir ki, ABŞ liderinin Tokionu tərk etməsi yapon milli telekanalları ilə canlı nümayiş olunub.
Həmin gün D.Tramp Baş nazir Ş.Abe ilə birlikdə Tokio körfəzinin çıxışında yerləşən Yoksuka bazasında helikopter daşıyan “Kaqa” hərbi gəmisində olub. İki ölkənin liderləri Vaşinqton ilə Tokio arasında hərbi ittifaqın hazırda həmişəkindən daha möhkəm olduğunu nümayiş etdiriblər. D.Tramp, həmçinin ABŞ hərbi-dəniz qüvvələrinin Yokosuka bazasındakı “Wasp” universal desant gəmisində dənizçilər qarşısında çıxış edib.
Tokionu tərk etməzdən əvvəl İmperator Naruhito və İmperatriçə Masako ABŞ Prezidentini
oteldə ziyarət ediblər.
Dövlət səfəri çərçivəsində Yaponiyanın yeni İmperatoru Naruhito ilə görüşən D.Tramp monarxın audensiyasına layiq görülən birinci əcnəbi lider olub. İmperator cütlüyü ilə görüş D.Trampın Yaponiyaya dövlət səfərinin əsas bəndi olub və ABŞ Prezidenti özü də səfəri zamanı bunu dəfələrlə qeyd edib.