Leyla Əliyeva “Gözəl bir gün”də uşaqları tək qoymadı - FOTO
İyunun 3-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Gözəl bir gün” adlı bayram tədbiri keçirilib.
Rakus.az xəbər verir ki, tədbir Yaradıcılıq Mərkəzi tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) iştirakı ilə təşkil edilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova tədbir haqqında məlumat verib. O bildirib ki, bayram tədbiri Xalq yazıçısı, görkəmli kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun eyni adlı hekayəsi ilə adlandırılıb. Uşaqlar bizim gələcəyimizdir. Onların bayramı hər kəsin bayramıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirdə çıxış edərək deyib ki, uşaq siyasəti Azərbaycanın dövlət siyasətinin ən vacib istiqamətlərindən biridir. Ölkəmizdə uşaqların müxtəlif sahələrdə problemlərinin həlli ilə bağlı mühüm sənədlər qəbul olunub. Bu gün Azərbaycanda uşaqların inkişafı üçün bütün imkanlar yaradılıb. Böyüməkdə olan nəslin sağlam, firavan, xoşbəxt yaşaması Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir.
Tədbirdə “İstedArt” və “Yaradan uşaqlar” layihələrindən qırxdan çox uşaq iştirak edib.
Sonra uşaqlar istedadlı gənc rəssamlar, musiqiçilər, fotoqraflar və xoreoqrafların təşkil etdikləri ustad dərslərində, əyləncəli oyunlarda, musiqili yarışmalarda iştirak ediblər.
Uşaqlara Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hədiyyələr paylanılıb.