SƏYAHƏT: Dağlarda iki gün - FOTO
Hər iki sahili sıx meşələrlə örtülü Qudyalçay Qəçrəş ağzından bu cür əsrarəngiz görünür
Azərbaycan Fotoqraflar Birliyinin üzvləri İlkin Səlifov və Elxan Qəniyev, videooperator Araz Teymurxanlı və portalımızın təmsilçisindən ibarət yaradıcı qrup Quba Dağıstanındakı Şahdağ milli-etnik qrupuna aid Qrız, Haput, Cek, Əlik, Xınalıq və Buduq kəndlərində, eləcə də Yergüc kəndinin indi tərk edilmiş tarixi ərazisində olaraq foto və videoçəkilişlər aparmışlar. Qrupun səfər təəssüratlarından ibarət mətni və fotoçəkiliş nümunələrini təqdim edirik.
Hər iki sahili sıx meşələrlə örtülü Qudyalçay Qəçrəş ağzından bu cür əsrarəngiz görünür
Qudyalçay bu yerdə qayadan keçib aşağılara doğru tələsir
Əzəldən səngərli, qalalı Qrız
4 km-lik Quba-Qrız “yolu” buradan başlayır
Bəri başdan deyək ki, səyahət hədəfimiz olan kəndlərə həm aranda, həm də dağda kəndlinin qışa hazırlığının həlledici mərhələsində – yayın öz yerini payıza verməyə hazırlaşdığı avqustun ikinci dekadasında gəlmişdik. Bu yerlərin insanlarının əsas məşğuliyyəti olan heyvandarlığın qışda da davam etdirilə bilməsi üçün dağ ətəklərində, yasamallarda, yallarda biçilmiş otun yığılıb həyətlərə, tövlələrin yaxınlığına daşınmasının qızğın çağı idi. Bəlkə də elə buna görə Dağ Qrız çox sakit və hətta bəzən adamsız kimi görünürdü. Lakin təkcə buna görəmi? Kəndin qıvraq, öz şux görkəmi ilə çox insanlara həyat şövqü aşılayan 83 yaşlı sakini Hacı Əbdürrəhman Becan oğlu Yaqubovun – şəkli bir çox rəngli jurnalları bəzəyən məşhur “Bığ dayı”nın sözlərindən belə çıxır ki, həm də təkcə buna görə yox:
Qrızın 83 yaşlı sakini Hacı Əbdürrəhman Becan oğlu Yaqubov
– Dağ yerində yaşamaq həmişə çətin olub. İndi də belədir. Odur ki, zaman-zaman insanlar daha asan yaşayış dalınca aşağılara köç ediblər. Amma mən anadan olandan buradan heç yerə getməmişəm. Ən çətin günlərdə Qrızı tərk etməmişəmsə, indi, ahıl vaxtımda niyə harayasa getməliyəm? Mal-heyvan yetişdirməklə keçimimizi saxlayırıq.
Dağların özü kimi sərt, enişli-yoxuşlu dağ həyəti
Söhbət etdiyimiz digər kəndlilər də ilk növbədə kəndin, maldarlığın qayğılarından danışdılar. Əsasən diri mal satılırmış, elə həyətdəncə. Ağartı məhsullarını bazara çıxaransa demək olar ki, yoxdur: “özümüzə ancaq çatır, satışa necə çıxaraq?”
Doğrudan da, Qrızda hər şey sanki bu kənddə təsərrüfatın əsasını təşkil edən iribuynuzlu heyvandarlığın uğurla yürüdülməsinə köklənib. Qrızın qayalar dibinə sığınmış evlərində-həyətlərində çəkdiyimiz fotoşəkillərdən də bunu aydın görmək olur. Həyətin bir küncündəki, qapı qoyularaq kiçik tövləyə çevrilmiş mağara, içi oyularaq dən saxlancı halına gəlmiş quru kötük – bunların hamısı indi qrızlıların həyatının başlıca maddi təminatı olan heyvandarlığın və ev quşçuluğunun davam etdirilməsinə istiqamətlənib.
Bacarıqlı kəndli əllərində quru kötük taxıl saxlancına çevrilib
Əbdürrəhman kişi Qrız, onun tarixi, dili haqqında da qürurla söz açır:
– Bir vaxtlar bu kənddə 700 təsərrüfat var idi, indi cəmi 32 ev qalıb. Mən burada anadan olmuşam, uşaqlarım aşağılara köçüb getsələr də, mən kənddə qalmışam və bundan əsla peşman deyiləm. Xaçmaz tərəflərdə qrızlılar 32 oba salıblar. Onlar həmin yerlərdə binələnib, möhkəmlənib, təsərrüfat qurublar və heç kimin geri qayıtmaq fikri yoxdur. Amma onların da çoxu evdə öz dilimizdə danışırlar. Tez-tez aşağılardan buralara qonaq gəlirlər və mən görürəm ki, onların uşaqları da dilimizi bilirlər və bu, məni şox sevindirir…
Qədimdən-qədim milli interyer ənənələri Qrızda bu gün də yaşayır
Kənd məktəbinin riyaziyyat müəllimi Şixbaba Xanbaba oğlu Mehdiyev Qrıza gələn turistlərin, bizim kimi maraqlıların üz tutduqları ilk ünvanlardandır. Evinə gəldiyimizdə ta Gürcüstandan təşrif buyurmuş azərbaycanlı tədqiqatçıya Şahdağ milli-etnik qrupuna daxil xalqlar arasında sayca daha çoxluq təşkil edən qrızlıların mənşəyi, adət-ənənələri, maddi və mənəvi mədəniyyətləri, Qrız dili barədə məlumatlar verirdi. Gözləyə-gözləyə çəkilişlər apardıq, kəndi gəzdik, geniş ərazilərə səpələnmiş qədim qəbiristanlığı ziyarət etdik, kəndin məşhur tarixi sakini olmuş Süleyman bəyin sülaləsinin məzarlarını, kənddəki məşhur “At qəbri”ni gördük, Hacı Əbdürrəhmanın Həccdən gələndən sonra tikdirdiyi kiçik məscidin şəklini çəkdik…
Dağlara sığınmış Qrızdan bir görünüş
Şıxbaba müəllim kəndin əsas müdafiə qurğusu olmuş, haqqında az məlumat olan Qrız qalasını, onun qismən salamat qalmış bürclərini, qala divarı hissələrini, kənddəki uçulmaqda olan qədim məscidi göstərir: “Qafqazın ən qədim müsəlman ibadət ocaqlarından olan bu məscidin tikintisi üçün ağacları ta Xaçmaz meşələrindən buralara qədər gətirmişlər. Uzun zaman fəaliyyətdə olmuş bu məscid indi təəssüf ki, uçulmuş vəziyyətdədir”.
Doğrudan da, dövlətin və yardımsevər insanların qatqısı ilə buranın bərpa edilib həm məscid və həm də tarix-etnoqrafiya muzeyi kimi fəaliyyətə başlaması daha doğru və faydalı olmazmı? Zənnimizcə bu istiqamətdə çalışmağa dəyər…
Kənd məktəbinin riyaziyyat müəllimi Şixbaba Xanbaba oğlu Mehdiyev bu məscidin bərpasını arzulayır
Onun Qrız dilinin özəllikləri, ətraf ərazilərin tarixi haqqında danışdıqları isə təkcə mütəxəssislər deyil, hər bir kəs üçün maraqlı ola bilər: “Xınalıq və Qrız ağsaqqalları birləşib, iki kənddən bərabər məsafədəki yerdə 6 evdən ibarət gözətçi məntəqəsi yaradıblar ki, qəfil düşmən hücumlarından vaxtında xəbər tuta bilsinlər. İndi həmin yerdə Qala Xudat adlı kənd yerləşir”.
Qrızlıların əsas dolanışıq mənbəyi olan mal-qaranın qışlıq yem tədarükü görülür
Şıxbaba Mehdiyev bir vaxtlar məşhur olmuş Qrız qalası barədə maraqlı məlumatlar verir, bu qalanın planının qalıqlarını göstərir. Məlum olur ki, alınmaz Qrız qalası kəndi zaman-zaman çox qarı düşməndən sədaqətlə qoruyubmuş. Amma indi o özü qoruduğu insanların xələflərinin laqeydliyi qarşısında duruş gətirə bilməyib, dağılıb. Bu barədə də tədbir görmək hər birimizin vətəndaşlıq borcu olmalıdır…
Qrızın kənd boyu düzdə-yamacda səpələnmiş qədim qəbiristanlıqları arasından keçib yenə gəldiyimiz, yalnız şərti olaraq yol adlana biləcək “böyrək daşlarının qənimi” iri çınqıllı şəridlə geri qayıtdıq.
Qrızdakı məşhur “At qəbri”
Kəndin, əslində yolsuzluq adlana biləcək bu “yolu” haqqında çox danışılan turizmə “qayğının” real göstəricisi hesab oluna bilər. Etno- və ekoturizm üçün bütün təbii-tarixi şəraitin mövcud olduğu Qrızda bu yöndə heç bir ciddi iş görülmür. Halbuki burada hər şey və hər kəs turizmin genişləndirilməsi imkanlarından soraq verir – evlərin interyerindəki milli-etnik özəlliklər, qədim çağlardan bəri qadınların məşğul olduqları toxu sənəti növləri, kəndin ərazisində isə bu yerlərin qədimliyindən soraq verən qəbiristanlıqlar, məscid, qala qalıqları və digər məkanlar… Halbuki daha çox turistin cəlb olunması, yerli insanların və dövlətin gəlir qazanmasına yol açacaq xalq tətbiqi sənəti növlərinin inkişaf etdirilməsi üçün təşkilati tədbirlərin həyata keçirilməsinə başlanmasından isə hələ də soraq yoxdur. Əvəzində bütün “işlərimizdə” olduğu kimi bu sahədə də sözçülük gerçək əməlləri üstələməkdədir.
Çoxsaylı Qrız qəbiristanlıqlarındakı qədim başdaşları
Ümid etmək istəyirik ki, növbəti səfərimizdə səni belə mağmın-unudulmuş deyil, abad yollu, turistlərin bol-bol ziyarət etdiyi, maraqlı suvenirlər və zəngin təəssüratlarla döndüyü məkan kimi görəcəyik, qədim Qrız! Hələlik isə – Hələlik!..
Yaxın-uzaq Cek
Şahdağ xalqlarına aid ceklilər və Cek kəndi özünəməxsusluğu ilə diqqəti cəlb edir. Ceklilərin bir sıra nümayəndələri Şahdağ xalqlarının, xüsusən də ceklilərin tarix və mədəniyyətinin, adət-ənənələrinin təbliği sahəsində fəalllıqları ilə fərqlənirlər.
Şövkət Səlimov BUDAD
Shahdaghpeoples.az saytının Baş redaktoru
(Davamı var)