SƏYAHƏT: Dağlarda iki gün - FOTO
Rəhim Alxasın tərcüməsində Məhəmməd Füzulinin “Pəhlivannamə”si Xınalıq dilində dərc edilib
Elnur deyir ki, onun “xinaliq.com” adlı internet saytı da varmış, ancaq maliyyə çətinlikləri ucbatından indi bağlanıb. Bir vaxtlar Bakıda çalışsa da, indi Qubada işləyir Elnur. Lakin Xınalığı da unutmur, tez-tez buradakı evlərinə gəlir.
Xınalıqlı şair Rəhim Alxasın şeirləri doğma dilində işıq üzü görüb
…Dağ yerinin gecəsinin də gündüzü qədər gözəl, səfalı olduğunu çoxları eşidib. Lakin bu hissi tamam-kamal yaşamaq üçün heç olmasa bircə gecə dağ kəndində uyumalısan. Qrupumuzun üzvlərinə də məhz həmin şansdan bəhrələnmək düşdü və günəşin şəfəqləri ətrafdakı xınalı dağları sığallamağa başlayanda biz də möhkəm dağ yuxusundan oyanıb işə-gücə baş vurduq.
Xınalıqlı Arif Cəlalın meyxanaları CD disk və kitabça şəklində öz doğma dilində tirajlanıb
Xınalıqlılar özlərini Nuhun nəvə-nəticələri sayır və kətiş adlandırırlar. Elə buradakı iki mağazadan biri də belə adlanır: “Kətiş market”. Mağazanın satıcısı, Xınalığın yorulmaz təbliğatçısı, 1954-cü il təvəllüdlü Tapdıq İzzət oğlu Bağırov hələ 80-ci illərdən maraqlı bir fikrə gəlib: Buraya təşrif buyuran insanlardan Xınalıq haqqında yazılı təəssüratlarını almaq.
Xınalıqlı Tapdıq İzzət oğlu Bağırov doğma kəndi barədə təəssüratlardan ibarət kitab arzusundadır
Bizimlə söhbətində o, dəftərinin demək olar ki, dolduğunu və yaxınlarda dünyanın ən müxtəlif guşələrindən olan turistlərin Xinalıq təəssüratlarından ibarət kitab çap etdirəcəyini bildirdi. Onun dəftərinə son təəssüratlardan birini yasıb mağazanı tərk elədik…
“Kətiş market” Xınalığın ən qələbəlik yerlərindəndir…
Xalq memarlığının çox maraqlı nümunələri olan qədim Xınalıq evlərinin içi də, çölü də sadəliyi və özünəməxsusluğu ilə zəngin etnoqrafik muzeyi andırır. “Bu evlərə blis-səyahətlərin təşkili maraqlı olardı”, – deyə düşünürük. Qədim Xınalıq həm də özünün “mərtəbəliliyi” ilə məşhurdur: burada damlar basılaraq bərkidilmiş xırda çınqıllı torpaqdandır (qumdandır) və yuxarıdakı qonşunun həyəti rolunu da oynayır. Lakin təəssüf ki, bu gün həmin unikal mənzərəni ilk baxışdan heç də hər kəs görə bilmir. Səbəb – Xınalıqda təzə-rəzə peyda olmuş şifer və dəmir damlardır! Yerli sakinlərlə söhbətimizdə bu “yeni” damların niyə peyda olduğunu soruşduq. Cavablar heç də xoşagələn deyildi: dövlətin qayğısı sayəsində qoruğa çevrilmiş Xınalığa çəkilən yeni yolun açılışı zamanı burada olmuş Azərbaycan Prezidenti İlham Əliyev bu unikal məkanın orijinal görünüşünün qorunub saxlanılmasını tövsiyə edib.
Aşağı Xınalıq yuxarıdan belə görünür
Bu sahədə real addımların atılmasına başlanıb, damlara torpaq basılması işləri aparııb və… yarımçıq saxlanılıb. Bundan xeyli sonra Xınalığa səfər etmiş Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin də eyni tapşırığı verdiyi söylənilir. Amma təəssüf ki, hələ də Xınalıqda sakinlərin gözləməkdən bezib yağış və qardan qorunmaq üçün qurduqları yeni “şəhər” damları qalmaqdadır. Daha bir məqam. Kəndin ən yüksək nöqtəsində qərar tutmuş qapısı bağlı qədim Cümə məscidi bərpa olunsa da… cənub divarının çay daşından hörülmüş dekorativ üzlüyü uçub. Xoşbəxtlikdən bu tərəfdə içəridən beton istinad divarı qurulubmuş. Lakin buna baxmayaraq çay daşından olan hörgünün qalıqları hələ də daş-qalağı şəklində burada qalmaqdadır…
Xınalıq və xınalı dağlar: əsrarəngiz görüntü
Xınalıqdakı Etnoqrafiya muzeyi buraya gələn turistlərin mütləq baş çəkdikləri ünvanlardandır. Burada həm Xınalığa və həm də bütövlükdə Şahdağ milli-etnik qrupu xalqlarına aid zəngin tarixi-etnoqrafik material toplanıb. Ara-sıra burayadək gəlib çıxan xarici turistlər və həm də ölkəmizin vətəndaşları Xınalıq muzeyini ziyarət edirkən bu bölgənin tarixi keçmişi, insanlarının həyat tərzi haqqında ətraflı məlumat və dolğun təəssürat əldə edirlər.
Xınalığın sabahı olan uşaqlar
Dünyanın ən yüksək, dəniz səviyyəsindən 2350 metr hündürlükdə yerləşən və 5000 illik tarixə malik yaşayış mənskənində – Xınalıqda istər qədimliyin qorunub saxlanılması və istərsə də burada turizmin daha səmərəli və əhatəli inkişafı baxımından aradan qaldırılmalı olan digər çatışmazlıqlara da diqqət yetirməmək düzgün olmazdı.
Qədim yaşayış məntəqələrinin ilkin görünüşünün qorunub saxlanılması etnoturizmin uğurla irəliləməsinin vacib məsələlərindən hesab olunur. Ölkəmizdə bu sahədə ilk tədbirlər Bakıdakı İçərişəhərdə gerçəkləşdirilib. Amma təəssüf ki, Azərbaycanın Lahıc və digər bu kimi etnoturizm baxımından mühüm əhəmiyyət kəsb edən, qədim və maraqlı guşələrində kommunikasiyaların, ümumilikdə bütün müasirlik əlamətlərinin “gizlədilməsi”, qədimyanalıq qılafına salınması problemi hələ də qalmaqdadır.
Xınalığın qədimliyindən bəhs edən muzeyin fasadı da qədimyanadır
Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2007-ci il tarixli 2563 nömrəli Sərəncamı ilə yaradılmış “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğundakı bu müşkülə infrastruktur kommunikasiyalarının – əsasən də işıq dirəkləri və xətlərinin “gözə girməsi”, üstəlik peyk antennaları – bütün dünyada məşhur boşqab-krosnalar da əlavə olunub.
Xınalıq muzeyinin qədim eksponatları
Kəndin ən yüksək nöqtəsini isə mobil telefon operatorlarının müştərək qülləsi “bəzəyir”. Əlbəttə, biz hətta dəniz səviyyəsindən bunca yüksəklikdə yaşayan müasir insanın da keyfiyyətli və operativ informasiya əldə etmək hüququnun olduğunu başa düşür və qəbul edirik. Amma, əgər söhbət Xınalığın ilkin görkəmində, bütün etnoqrafik özəllikləri ilə birlikdə dünyaya tanıdılması və bundan birinci növbədə xınalıqlıların fayda əldə etmələrini istəyiriksə, bu sahədəki dünya təcrübəsini yubanmadan tətbiq etməyə ərinməməliyik.
Xınalıq muzeyinin qədim eksponatları
Daha bir müşkül, əslində Şahdağ milli-etnik qrupu xalqlarının yaşadığı hər bir kəndə aid olan turizm yönümlü məşğulluğun təşkili ilə bağlıdır. Bu kəndlərdəki əhalinin nəsilbənəsil xalq tətbiqi sənəti növlərini yaşadıb çağımıza çatdırmaları çox mühüm və turizm baxımından olduqca maraqlı faktdır. Sakinlərin elə evlərdəcə bu sənət növləri ilə məşğul olmaları, turistlərin də belə məkanları ziyarət eləmələri sakinlərə maddi fayda gətirər, qonaqlara isə zəngin təəssüratlar bəxş edər.
Bu epiqrafik abidələrin tədqiqi çox mətləblərə işıq salar…
Hər kəsə açıq bəyan eləməsələr də, bəzi sakinləri narahat edən bir məqam Xınalığın yaxınlığında tikilmiş sərhəd zastavasıdır. Rusiya Federasiyası ilə sərhəd xəttinə 20 km məsafə olsa da sərhədçilər heç kimə zastavadan o tərəfə keçməyə imkan vermirlər. Həmin ərazilərdə isə Şah yaylağı, atəşgah, qədim qəbiristanlıqlar, turistik və tarixilik baxımından maraqlı başqa məkanlar var. Əlbəttə, biz ölkə sərhədlərinin qorunması ilə bağlı dövlət yetkililərinin yürütdükləri siyasətə tənqidi yanaşmaq fikrindən uzağıq, lakin düşünürük ki, Xınalıq kimi önəmli turizm məkanının ətraf ərazilərinin də həmin missiyaya daxil edilməsi üçün zəruri tədbirlər tamamilə mümkün görünür.
Yollar yorğunu çarıqlar indi muzeydə dincini alır…
Əslən xınalıqlı olan dostumuz, hazırda Qubada yaşayan tarix maraqlısı və bilicisi Əli Vəliyev doğma kəndinin civarlarındakı maraqlı tarixi məkanları bir-bir sadalamış və mütləq həmin yerlərə baş çəkməyimizi tövsiyə etmişdi. Lakin təəssüf ki, vaxtın azlığından və bir də bizdən asılı olmayan səbəblərdən həmin məkanları nə görə, nə də foto və videolentə ala bilmədik. Bir başqa səfərə, inşallah!..
Xınalığı tərk edərkən Fransadan gəlmiş gənc cütlüklə rastlaşdıq. Hələ günortaüstü olsa da gənclər irəlicədən gecələmə yeri tapmaq fikrindədirlər. Bildiklərimizdən anladaraq onları da agah edib irəli – Buduq yaylağına doğru yol aldıq…
Şövkət Səlimov BUDAD
Shahdaghpeoples.az saytının Baş redaktoru
(Davamı var)