Gürcüstanı logistik mərkəzə çevirəcəyik
Bizim əsas strategiyamız Gürcüstanı regionda logistik mərkəzə, beynəlxalq turizm, biznes, təhsil və texnologiya mərkəzinə çevirməkdir.
Rakus.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri Mamuka Baxtadze Kanadanın Monreal şəhərində keçirilən Amerika Beynəlxalq İqtisadi Forumundakı çıxışında deyib.
Gürcüstanın Baş naziri regionda həyata keçirilən irimiqyaslı enerji, nəqliyyat və logistik layihələr barədə məlumat verib. Bu layihələrin Gürcüstanın mövqelərini möhkəmləndirdiyi, ölkədə turizm, sənaye, təhsil və texnologiya sahələrinin inkişafı üçün geniş imkanlar yaratdığı bildirilib.
M.Baxtadze “Qlobal iqtisadiyyat və keçid dövrü” mövzusunda keçirilən müzakirələrdə Gürcüstanın investisiya imkanlarından danışıb, xarici iş adamlarını ölkəsinə dəvət edib. Bildirib ki, Avrasiyanın 8 ölkəsinin dənizə çıxışı üçün qapı rolunu oynayan Gürcüstan turizm, energetika, bərpa olunan enerji resursları ilə zəngindir. O, Gürcüstanda Amerika şirkətləri üçün geniş imkanların olduğunu xüsusi qeyd edib.