Honq-Konq ekstradisiya qanun layihəsini təxirə saldı
Honq-Konq höküməti kütləvi etirazlara səbəb olan ekstradisiya qanun layihəsini təxirə salıb.
Rakus.az xəbər verir ki, Honq-Konqun baş icraçısı Karri Lam hökümət müxtəlif partiyalarla məsləhətləşmədən qanun layihəsi ilə bağlı heç bir tədbir görməyəcək.
Ekstradisiya qanun layihəsi Honq Konqda cinayətdə şübhəli bilinən şəxslərin Çində məhkəmə qarşısına çıxarılmasına imkan yaradacaq. Əhəmiyyətli dərəcədə fərqli ədliyyə sistemi olan Çinə ekstradisiya ehtimalı Honq Konqda beynəlxalq biznes qruplarından tutmuş, hüquq icması və demokratiya tərəfdarı partiyalara kimi bir çoxlarını narahat edir.
Çərşənbə günü Honq Konq parlamentinin təklif olunan bu qanun layihəsini müzakirə etməli olduğu zaman yüz minlərlə etirazçı küçələrə axışıb.
Polislə etirazçılar arasında zorakı qarşıdurma ilə nəticələnən nümayiş 2014-ci ildə baş verən demokratiya etirazlarını xatırladıb.
Honq Konq qanununa təklif olunan dəyişikliklər beynəlxalq icmanın, o cümlədən Birləşmiş Ştatların tənqidinə səbəb olub. Çin çərşənbə axşamı Birləşmiş Ştatları ölkənin daxili işlərinə müdaxilədə ittiham edib. Pekinq Honq Konqdakı dinc etirazları “iğtişaş” adlandırıb və nümayişçiləri “zorakı əməllər” törətməkdə günahlandırıb.
Sabiq Britaniya müstəmləkəsi olan Honq Konqa 1997-ci ildə Çinin suverenliyinə daxil olandan sonra 50 illik xüsusi muxtariyyət verilib. Lakin Honq Konqda bir çoxları Çinin yavaş-yavaş onların haqlarını pozduğundan və əraziyə nəzarəti artırdığından narahatdır.