“iOS 13” sistemli “iPhone” pasportu əvəzləyəcək
Payızda buraxılacaq “iOS 13” əməliyyat sistemi “iPhone” smartfonunda “NFC” texnologiyasından istifadə imkanlarını genişləndirəcək.
Rakus.az xəbər verir ki, “NFC” çipi vasitəsilə təkcə “Apple Pay” funksiyası ilə ödəniş etmək deyil, eyni zamanda, biometrik pasport və kontaktsız “ağıllı” kart məlumatlarını oxumaq, eləcə də “RFID” nişanları (obyektlərin avtomatik identifikasiya üsulu) ilə təchiz edilən digər qurğularla işləmək mümkün olacaq.
Yaponiya hökumətinin məlumatına görə, gündoğar ölkədə “iOS 13” sisteminə vergi və sosial sığorta ödənişlərinin köçürülməsi və dövlət xidmətlərinə çıxış üçün istifadə edilən fərdi identifikasiya kartlarının (Individual Number Card) rəqəmləşdirilməsi imkanı əlavə olunacaq.
Böyük Britaniyada isə istifadəçilərin şəxsiyyət və ya sürücülük vəsiqələri “iPhone” modelində oxunacaq ki, bu da kağız daşıyıcılardan istifadəni aradan qaldıracaq. Bu imkan artıq “ReadID” skaner əlavəsinin tərtibatçıları tərəfindən sınaqdan keçirilib.
Oxuma ilə yanaşı, “iOS 13” sistemi “NFC” nişanına yeni informasiya yazmağa imkan verəcək. “NFC NDEF Tag”, “Mifare, FeliCa”, “ISO 7816” (pasportlar üçün) və “ISO 15693” standartlarının dəstəklənəcəyi bildirilir.
Sentyabr-oktyabrda təqdim ediləcək “iOS 13” əməliyyat sistemini “iPhone 7” və daha yuxarı modellərə quraşdırmaq mümkün olacaq.