Zaqatalada ağır avtoqəza oldu - FOTO
Fövqəladə Hallar Nazirliyi Zaqatalada baş verən avtoqəza ilə bağlı məlumat yayıb.
Rakus.az nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Zaqatala rayonunda “ВАЗ” markalı minik avtomobili və “Shacman” markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə bu gün səhər saat 05:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 132-ci kilometrliyində, Zaqatala şəhəri ərazisindən keçən hissədə qeydə alınıb.
Balakən rayonunun Katex kənd sakini, 1959-cu il təvəllüdlü Şamsuda Carullah oğlu Osmanovun idarə etdiyi “Shacman” markalı 90-ST-247 dövlət nömrə nişanlı yük maşını ilə “VAZ 2109” markalı 62-BK-865 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilində olan Zaqatala şəhər sakini, 1987-ci il təvəllüdlü Çingiz Hacıbəy oğlu Sulxayev və şəxsiyyəti hələlik dəqiqləşdirilməyən daha bir nəfər aldıqları müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Minik avtomobilində olan daha bir nəfər – rayonun Qazangül qəsəbə sakini, 1988-ci il təvəllüdlü Rafiq Yunis oğlu Bəkirov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır kimi qiymətləndirilir. (apa.az)