DİK-nın ilk plenar iclas keçirildi - FOTO
İyulun 1-də Bakı Konqres Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində ilk plenar iclas işə başladı.
Rakus.az xəbər verir ki, ilk olaraq sessiyanın gündəliyi açıqlandı və iştirakçı ölkələrin nümayəndələrinin hesabatları dinlənildi.
Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qonaqları salamladı, gündəliklə bağlı məlumat verdi.
Bildirdi ki, dünyanın 180-dək ölkəsindən 2500-dən çox nümayəndənin qatıldığı tədbir respublikamızın beynəlxalq arenada yüksək nüfuzunun təsdiqi olmaqla bərabər, Azərbaycanın tarixinin və müasir inkişaf səviyyəsinin, zəngin mədəniyyətinin, incəsənətinin dünyaya nümayişi üçün mühüm imkandır: “Bütün iştirakçılar Azərbaycanın mədəni irsi ilə artıq tanış olublar. Möhtəşəm açılış mərasimi onlarda ölkəmiz haqqında geniş təsəvvür yaradıb. Biz çalışmalıyıq ki, bütün qonaqlar bu sessiyada öz fikirlərini sərbəst şəkildə çatdıra bilsinlər”.
UNESCO-nun Dünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler tədbirin əhəmiyyətini vurğuladı. Sessiya çərçivəsində təşkil edilən Abidə Menecerləri və Gənc Peşəkarlar forumlarının işini yüksək dəyərləndirən direktor mütəxəssislər tərəfindən aparılan maraqlı müzakirələrin şahidi olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün Bakıya bu sahənin çoxsaylı mütəxəssisləri toplaşıb: “Burada olduğumuz bir neçə gün ərzində biz təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyini görürük. Sessiyada müzakirə ediləcək bütün məsələlər komitənin veb-saytında canlı olaraq yayımlanır. Onu da vurğulayım ki, büro üzvlərinin istəyi ilə sessiyanın gündəliyində dəyişiklik edilə bilər”.
Bildirildi ki, Bakı sessiyasında UNESCO-nun Dünya irsi siyahısına daxil edilmək üçün üzv dövlətlərin təqdim etdiyi 36 namizəd fayl nəzərdən keçiriləcək. Bu fayllardan 28-i mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət və mədəni) abidələr sırasına daxildir. Sessiyalarda ilk olaraq siyahı üzrə təbiət, daha sonra mədəni obyektlər üzrə nominasiyalar müzakirə ediləcək. Sessiya çərçivəsində 50-yə yaxın paralel tədbir və sərgilər də təşkil olunacaq. Eyni zamanda Bakıda UNESCO-nun siyahısında olan və təhlükə ilə üzləşən 166 abidənin hazırkı vəziyyəti təhlil ediləcək.
Sonra UNESCO-nun Dünya İrs Komitəsinin 42-ci sessiyasının məruzəçisi Anna Zeçner çıxışı dinlənildi. O, ötən sessiya haqqında geniş məlumat verdi və bildirdi ki, sessiyada 225 qərar qəbul edilib, 19 mədəniyyət nümunəsi UNESCO-nun Dünya irsi siyahısına salınıb.
Daha sonra panel iclas 43-cü sessiyanın gündəliyinə uyğun olaraq hesabatların dinlənilməsi və fikir mübadiləsi ilə davam etdi.