Yaponiya Rusiyanın Baş Nazirinin səfərinə etiraz edir
Yaponiya hökumətinin rəsmi nümayəndələri Rusiyanın Baş Naziri Dimitri Medvedevin Rusiyanın nəzarəti altında olan, lakin Yaponiyanın da iddia etdiyi mübahisəli adalardan birinə gözlənilən səfərinə etirazlarını bildiriblər.
Rakus.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Bildirilir ki, Etorofu adasının hakimiyyət orqanlarının yaydığı məlumata görə, avqustda Rusiya Baş Nazirinin həmin adaya səfəri planlaşdırılır. Qeyd edilir ki, səfər çərçivəsində D.Medvedev dəniz məhsullarının emalı fabrikini və isti su bulaqları kurortunu ziyarət edəcək. O, adada, həmçinin yolun çəkilişi və məktəb tikintisi ilə də tanış olacaq.
Bu, Baş Nazirin Rusiyanın nəzarəti altında olan, lakin Yaponiyanın iddia etdiyi mübahisəli dörd adaya sayca dördüncü səfəridir. 2010-cu ildə D.Medvedev Rusiya Prezidenti olarkən həmin adalardan birinə səfər edən ilk rus lideri olub.
Yaponiya hökumətinin mövqeyinə görə, həmin adalar bu ölkənin ayrılmaz tərkib hissəsidir və II Dünya müharibəsi nəticəsində işğal edilib.
Yaponiya Xarici İşlər Nazirliyi bəyan edir ki, Rusiyanın yüksəksəviyyəli rəsmi nümayəndələrinin bu adalara səfərləri Yaponiyanın ərazi mübahisəsi ilə bağlı mövqeyi ilə tam ziddiyyət təşkil edir.
Yaponiya hökumətinin rəsmi nümayəndəsi isə bildirib ki, hökumət Rusiya tərəfini həmin planlaşdırılan səfəri təxirə salmağa çağırır və bu səfər Moskva ilə Tokio arasında sülh müqaviləsinin imzalanması istiqamətində aparılan danışıqlara mənfi təsir göstərə bilər.