İran gəmisinin heyəti xilas olundu
Lənkəranda qəzaya uğramış İran gəmisinin heyəti xilas olunub.
Rakus.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildiriblər.
Məlumata görə, bu gün saat 14:15-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin Lənkəran reydində sahildən 15 mil məsafədə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Cənub istiqamətində dövlət sərhədinin mühafizəsini həyata keçirən “Tufan” tipli sərhəd gözətçi gəmisi dərhal hadisə yerinə göndərilib.
Sərhəd gözətçi gəmisi hadisə yerinə çataraq xilasetmə əməliyyatına başlamış, batan gəminin 9 nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edilib.
Heyət xilas edildikdən sonra saat 16:22-də gəmi batıb.