Navalnı kimyəvi maddə ilə zəhərlənib – şəxsi həkim
“Navalnının kimyəvi maddə ilə zəhərləndiyi ehtimalı var”.
Rakus.az xəbər verir ki, bunu Rusiya müxalifətinin lideri Aleksey Navalnının şəxsi həkimi Anastasiya Vasilyeva deyib.
O xəstəxanada Navalnını ziyarət etdikdən sonra Facebook səhifəsində yazıb: “Biz hansısa “üçüncü şəxs” vasitəsilə naməlum kimyəvi maddə ilə onun dərisi və selikli qişanın toksik zədələndiyini istisna edə bilmərik”.
A.Navalnı bazar günü səhər rəsmilərin “ciddi allergiya” kimi təsvir etdiyi simptomlarla xəstəxanaya 30 günlük həbs cəzası çəkdiyi həbsxanadan aparılıb.
Aleksey Navalnının sözçüsü Kira Yarmuş müxalifət lideri və Kremlin ən kəskin tənqidçisinin xəstəxanaya üzü şişdiyinə, dərisində qızmizi ləkələr olduğuna və qaşındığına görə aparıldığını deyib. O əlavə edib ki, Navalnının “əvvəlllər heç vaxt allergiya problemi olmayıb”.
Anastasiya Vasilyeva xəstəxanaya naməlum sağlamlıq problemi ilə gətirilərək müalicə olunan Navalnının bazar ertəsi səhər yenidən mühafizə altında həbsxanaya qaytarıldığını bildirib.