R.Atakişiyevin həyat yoldaşı müqəddəs bayrağı qəbul etdi
Plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev ilə avqustun 21-də vida mərasimi keçirilib.
Rakus.az xəbər verir ki, ailəsi və doğmaları mərhumla vidalaşdıqdan sonra polkovnik-leytenant Rəşad Atakişiyevin cənazəsi dəfn edilməsi üçün hərbi orkestrin ifa etdiyi matəm marşının müşayiəti ilə II Fəxri Xiyabana yola salınıb.
Polkovnik-leytenant R.Atakişiyev hərbi və dini ənənələrə uyğun olaraq yaylım atəşləri və Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında Vətən torpağına əmanət edilib, məzarı üzərinə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, eləcə də Hərbi Hava Qüvvələrinin və digər qurumların adından əklil və tər qərənfillər düzülüb.
Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov cənazə üzərinə sərilən üçrəngli Azərbaycan bayrağını əbədi xatirə saxlanılması üçün mərhumun ailəsinə təqdim edib.
Zabit R.Atakişiyevin həyat yoldaşı Könül Atakişiyeva müqəddəs bayrağı qəbul edərək, “Rəşadın yadigarlarını, Turqut və Qabili onun adına layiq, bu bayrağa sədaqət ruhunda tərbiyə edəcəyəm. Vətən sağ olsun!”, – deyib.
Din xadimi şəhidlərin ruhuna dualar oxuyub.
Pilot Rəşad Atakişiyevin qayınatası, professor Qabil Hüseynli zabit ailəsinə göstərilən böyük diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.